30 Mart 2026 / 14:21

Rasim Balayev I Fəxri xiyabanda dəfn edildi – FOTO

Bu gün səhər saatlarından Xalq artisti Rasim Balayevlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirildi.  Tezadlar.az xəbər verir ki, mərasimdə ölkənin ədəbi-ictimai xadimləri, dövlət, hökumət nümayəndələri, sənətkarın yaxınları, dostları, media nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova nazir Adil Kərimlinin adından Rasim Balayevin ailəsinə başsağlığı verib. Nazir müavini bildirib ki, Rasim Balayev adını Azərbaycan kino tarixinə qızıl hərflərlə yazıb: “Onun rol aldığı filmlər bu günə qədər hər birimizin yaddaşında xüsusi yer tutur. Rasim Balayevin kinomuza verdiyi töhfələri sadaladıqca bitməz”.

Xalq yazıçısı Anar qeyd edib ki, ona danışmaq çox ağırdır: “Azərbaycan kinosu yaşadıqca, Rasim də yaşayacaq. Biz onunla sənət dostu olmuşuq. Mənim bir çox senarilərimdə çəkilib, o, doğrudan da böyük sənətkar idi”.

Xalq artisti Şəfiqə Məmmədova bildirib ki, Rasim Balayevin vəfatı Azərbaycan kinosu üçün ağır itkidir: “Onun barəsində keçmiş zamanda danışmaq olmur. Onunla planlarımız çox idi, deyiləsi sözlərim çox idi. O, şərəfli ömür yaşadı. Rasim Azərbaycan kino ailəsinin başçısı idi. Dostları, ailəsi və ən əsası Azərbaycan xalqı onu çox sevirdi”.

Xalq artisti Oqtay Mirqasımov bildirib ki, Rasim Balayevlə bir neçə filmdə birlikdə işləyiblər: “O, doğrudan da böyük aktyor, yaxşı dost idi. Onunla işləmək insana zövq verirdi”.

Sonda Rasim Balayevin oğlu Asim Balayev vida mərasimində iştirak edənlərə minnətdarlığını bildirib.

Xalq artisti az əvvəl I Fəxri Xiyabanda dəfn olundu.

Allah rəhmət eləsin!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!