25 Fevral 2026 / 14:10

Reytinq yarışı, yoxsa estetik tənəzzül: Efir kimlərin əlindədir?

Televiziyalar “təsadüfi adamların” və peşəsinə hörmət etməyənlərin meydan sulayacağı bir yer olmamalıdır…

Televiziya sadəcə bir məlumat ötürücüsü deyil, vaxtı ilə məşhur olan diktor Nailə İslamzadənin dəqiq ifadə etdiyi kimi, “kollektiv şüurun laboratoriyasıdır”. Lakin son illər bu laboratoriyada aparılan “təcrübələr” cəmiyyətin zövqünü yüksəltmək əvəzinə, onu ciddi mənəvi aşınmaya məruz qoyub. Peşəkar aparıcıların və ziyalıların həyəcan təbili çalması isə, təsadüfi deyil: efir mədəniyyəti ciddi bir “estetik deqradasiya” dövrünü yaşayır.

Qalmaqalın kölgəsində qalan zövq televiziya rəhbərlərinin və prodüsserlərin ən böyük bəhanəsi “reytinq” anlayışıdır. Lakin unudulur ki, reytinq kəmiyyət göstəricisidir, keyfiyyət yox. İstedadı və sənəti ilə deyil, şəxsi həyatının xırdalıqları və etikadan kənar davranışları ilə gündəmə gələn şəxslərin efirlərdə “baş qəhrəman”a çevrilməsi cəmiyyətin zövqünü tərbiyə etmir, əksinə, onu ucuzlaşdırır və cılızlaşdırır. Tamaşaçıya təqdim olunan qeybət, mübahisə və süni gərginlik dolu verilişlər insanları maarifləndirməkdən çox, mənəvi boşluğa sürükləyir.

Keçmişin mirası, bu günün reallığı və gələcəyin güzgüsü

Bu gün tamaşaçıların 30-40 il əvvəlki verilişlərə heyranlıqla baxması, müasir televiziyanın ən böyük məğlubiyyətidir və bu televiziya tariximizin nə dərəcədə zəngin olduğunun sübutudur. O dövrlərdə ekran etikası, nitq mədəniyyəti və mövzu seçimi əsas meyar idi. Əgər bu gün biz ancaq qalmaqal və qeybət istehsal ediriksə, 30 il sonra gələcək nəsillər bu gündən nəyi xatırlayacaqlar? Bu günün bəzi kanalları 30 il sonra hansı irsi qoyub gedəcəklər?

Ekran gələcəyin güzgüsüdür

Bu gün ekranlarda gördüyümüz səviyyəsizlik, abırsızlıq sabahın küçə mədəniyyətinə, ailə münasibətlərinə və ümumi davranış qaydalarına çevrilir. Cəmiyyətin zövqü təsadüfi formalaşmır, onu ya televiziyalar vasitəsilə ucaldırlar, ya da bu gün gördüyümüz kimi ucuzlaşdırırlar. Bəs məsuliyyət kimin üzərinə düşür? Televiziya “təsadüfi adamların” və peşəsinə hörmət etməyənlərin meydan sulayacağı bir yer olmamalıdır. Bu prosesdə həm kanal rəhbərlərinin, həm də müvafiq dövlət qurumlarının üzərinə böyük məsuliyyət düşür. Efirə çıxan hər bir şəxs, səslənən hər bir kəlmə cəmiyyətin kollektiv şüuruna təsir edir. Əgər bu gün efir qapıları yalnız reytinq gətirən “qalmaqal ustaları” üçün açıqdırsa, deməli, biz gələcəyin mənəvi sütunlarını öz əlimizlə sarsıdırıq.

Normal TV arzusu

Sosial şəbəkələrin geniş vüsət aldığı bir dövrdə televiziyanın hələ də müzakirə olunması, onun hələ də güclü bir təsir vasitəsi olduğunun göstəricisidir. Cəmiyyət hələ də “normal TV” axtarışındadır. İnsanlar efirdə sənət, mədəniyyət, dövlət, vətən, Qarabağın tarixi, zəfərimiz, şəhidlər, qazilər, veteranlar,vətənpərvərlik verilişləri haqqında intellektual müzakirə və real dəyərlər görmək istəyirlər. Televiziya sadəcə pul qazanmaq üçün bir “maşın” deyil, xalqın güzgüsü olmalıdır. O güzgünün ləkələnməsi isə, hamımızın mənəvi itkisidir. Bu barədə düşünmək və qəti addımlar təcili atılmalıdır. Artıq gecikirik. Çünki sonralar insanların korlanmış zövqünü aşılıyıb normal vəziyyətə gətirmək çox gec olacaq…

Səbinə Bağırova

IMG WA
IMG WA

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!