Bu yaxınlarda rayon icra hakiminin müğənnini dövlət obyektində rəsmi və təntənəli şəkildə qarşılayıb görülən işlər barədə məruzə etməsi mövcud idarəçilik sistemindəki 3 fundamental boşluğu ortaya qoyur:
1. Dövlət Protokolunun İtirilməsi: Dövlət idarəçiliyində “məruzə etmək”, “hesabat vermək” ciddi hərbi və inzibati termindir. Kimə məruzə edilir? Rəisə, komandirə, yoxlamağa gələn səlahiyyətli dövlət rəsmisinə. Müğənni sənətçidir, hörmətli vətəndaşdır, amma dövlət iyerarxiyasında heç bir inzibati səlahiyyəti yoxdur. Hərbi və ya mülki məmurun ona “məruzə etməsi” dövlət ciddiyyətinin itməsidir.
2. İş Vaxtının israfı : Rayonun minlərlə problemi qaldığı halda, İcra Başçısının iş saatını şou-biznes nümayəndəsinə ayırması səmərəlilik göstəricisi baxımından fəlakətdir. Şou əhli ilə görüşlər keçirmək əvəzinə rayonunda illərdir həllini tapmayan problemləri: NZS-dəki kanalizasiya gölməçələrini qurutmaq daha vacib dövlət işidir. Bəzi ərazilərdə hələ də sovet dövründən qalma, çürümüş infrastruktur mövcuddur. Yağış yağanda küçələri su basır, yayda isə su qıtlığı yaşanır. Xaoslu tikinti və tıxac, Bu ərazilərdə infrastruktur (yol, kanalizasiya, parkinq) bina sayına tab gətirmir. Məhəllədaxili yollar bərbad vəziyyətdədir. Elə regionlar var binalar bir-birinə o qədər yaxın tikilib ki, yanğınsöndürən maşının keçməsi mümkünsüzdür. Pik saatlarda Xətai rayonundan çıxmaq və ya girmək böyük problemdir. Yeni tikililərin əksəriyyətinin həyəti yoxdur, maşınlar səkiləri zəbt edir.
3. “Şoulaşan” İdarəçilik
Məmurlar real işlə (asfalt, su, işıq) gündəmə gələ bilməyəndə, populyar simalarla (müğənnilərlə) görüşərək “gündəmdə qalmağa” çalışırlar. Bu, idarəçiliyin PR (Reklam) kampaniyasına çevrilməsidir.
Benjamin Kərimov,
Oftalmoloq