1 Dekabr 2025 / 16:34

Rusiya boz idxalla bu cür mübarizəyə başlayır: utilizasiyanın qiyməti artırıldı

Bu gün Rusiyada utilizasiya ödənişinin (təkrar emal haqqı) hesablanması üçün yeni qaydalar qüvvəyə minib. İndi avtomobilin mühərrik gücü 160 at gücündən, elektrikli nəqliyyat vasitəsi üçün isə 80 at gücündən çoxdursa, rüsum kommersiya tarifləri ilə ödənilməlidir.

Tezadlar.az xəbər verir ki, bu barədə BBC NEWS-un rus xidməti məlumat yayıb.

Qeyd olunur ki, 160 at gücündən az olan avtomobillər bazarın böyük əksəriyyətini təşkil edir.

Beləliklə, dəyişikliklər əsasən krossoverlərə, hibridlərə, orta və premium sinif biznes sedanlarına təsir edəcək.

Eyni zamanda, yolsuzluq avtomobillərinin (SUV-lar), pikapların, idman avtomobillərinin və elektrikli nəqliyyat vasitələrinin qiymətləri də artacaq.

Hökumət dəyişiklikləri  təkrar emal haqlarından əldə edilən gəlirin kifayət qədər olmaması və boz idxala qarşı mübarizə ilə izah edib.

Yeni qaydalar barədə xəbərlər tələbi artırıb və qiymətləri yüksəldib. Bütün bunlar 2025-ci ilin yanvar-oktyabr ayları arasında Rusiyada yeni avtomobil bazarında 22 faiz azalma fonunda baş verir.

Təkrar emal haqqı avtomobilin sonda təkrar emalı üçün birdəfəlik ödənişidir.

Ödəniş ya ilkin qiymətə daxildir, ya da avtomobili təkrar satış üçün deyil, şəxsi istifadə üçün alan şəxs tərəfindən ödənilir.

Təkrar emal haqqının necə istifadə edildiyi barədə isə ictimaiyyətə açıq və ətraflı hesabatlar yoxdur.

Qeyd edək ki, Azərbaycanda Nazirlər Kabinetinin 2024-cü il, 31 yanvar tarixli Qərarına görə, minik atomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı istehsal-buraxılış ili 4 ildən 7 ilədək olduqda 400 manat, 7 il və daha çox olduqda 700 manat haqq ödəniləcək.

Avtomobil istismara yararsız vəziyyətə çatdıqda, o utilizasiyaya veriləcək və buna görə avtomobil sahibinə birdəfəlik ödəniş veriləcək və yeni yerli avtomobilin alınması üçün güzəşt müəyyən olunacaq.  Yerli avtomobildən istifadə etmək istəməyənlər isə daha az məbləğ alacaqlar.

 

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!