Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda İran ətrafında diplomatik təmasların intensivləşməsi diqqət çəkir. Pakistan Ordusunun komandanı Asim Munirin Tehrana səfəri və bu səfərin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrana gəlişindən cəmi bir gün sonra baş tutması regionda mümkün diplomatik təşəbbüslərlə bağlı suallar yaradır.
Asim Munirin ABŞ və İran arasında danışıqlarda vasitəçi rolunda çıxış etdiyi bildirilir. Digər tərəfdən, Moskvanın Tehranla təmaslarını intensivləşdirməsi Rusiyanın regiondakı maraqlarını və mümkün diplomatik proseslərdə iştirakını yenidən gündəmə gətirir.
Bəs bu səfərlər təsadüfi diplomatik təmaslardır, yoxsa ABŞ–İran münasibətlərində yeni mərhələnin başlanğıcından xəbər verir? Pakistanın vasitəçilik imkanları, Rusiyanın prosesdəki mövqeyi və Tehranın mümkün danışıqlardan gözləntiləri regiondakı siyasi mənzərəyə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Tezadlar.az-a açıqlama verən güneyli yazar, araşdırmaçı və siyasi analitik Məhəmməd Rəhmanifər bildirib: “Bu məsələdə nəzərə alaq ki, son, günlərdə İrana qarşı başqa bir savaşın başlama ehtimalı çox yüksəlib. Sadəcə olaraq bunun zamanlaması ilə əlaqədar ixtilaflar var. Həm Amerikada, həm də İsraildə seçkilər olacaq. Bu seçkilərdən öncə İsrailin İrana qarşı savaş açmağa ehtiyacı var. Yəni, Netanyahunun bu seçkiləri qazanmaq şansı bir az aşağı düşür… Və o, bu şansı yenidən yüksəltmək üçün İranı ən böyük təhdid olaraq görür”.
Məhəmməd Rəhmanifərin fikrincə, Trampın tam tərsinə, seçkilərə qədər neftin demək olar ki, qiymətinə kontrol etmək üçün gərək savaşı təxirə salına… İki ölkə arasında son günlərdəki görüşlərdə müşahidə etdik ki, Amerikanın Müdafiə Nazirliyi həm də Netanyahu ilə görüşlər keçirib. Pakistan Ordusunun komandanı Asim Munirin də Tehrana gəlməsi, Rusiyanın xarici işlər naziri Lavrovla görüşü də yetərincə diqqətçəkici məsələdir.
Siyasətçi qeyd edib ki, müharibə ərəfəsində Tehran da diplomatik fəaliyyətə keçib. Təbii ki, məqsədi də savaşı dayandırmaq olacaq. Amma İran özü savaşa meydan oxudu. Çünki Trampın ağır vəziyyətdə olduğunu bilir. Neft qiymətləri də Amerikada Trampın əleyhinə işləyir. Təqribən hər həftə körfəzdə və Hörmüz boğazında neft tankerlərinə hücum etdi. Bu hadisələrin məqsədi sırf Trampı daha da ağır duruma salmaqdır.
M. Rəhmanifər əlavə edib ki, neftin bahalaşması ilə bərabər bir çox şeylərin də qiymətində artım müşahidə olunur. Ona görə də buradakı gedişat haqqında danışıqlar göstərir ki, daha çox İran Rusiya və Pakistandan dəstək istəyib. İstər diplomatik, istərsə də Rusiyadan hərbi dəstək də ola bilər. “İsrail İranı ən böyük təhdid olaraq göstərir. Onsuz da bu işdə heç bir çətinliklə qarşılaşmır, çünki illərdir İran rəsmiləri İsraili yer üzündən silməklə təhdit edir. Belə bir durumda Netanyahu İrana qarşı savaş açmaqla “israilin başından ən böyük təhdidi qaldırmaq” şuarı ilə özünə səs qazanmağa çalışır”, — deyə siyasətçi bildirib.
Rəhmanifər sonda vurğulayıb ki, son vaxtlar Rusiya da Amerikaya yaxınlaşır. ABŞ da Ukraynanı tək buraxır. Nəzərə almaq lazımdır ki, Rusiya öz maraqlarına göz yummağa və İrana dəstək verməyə razı olmayacaq. Çünki Rusiya İranı həmişə bir kart kimi “oynadıb”. Rusiya Amerikadan və ya başqa arenalarda öz mənfəəti uğrunda istifadə edib.
Dəniz Pənahova







