Rüşvət alaraq ölməyən adamın adına qəbir yeri satan həbs edildi

Günaha batmaq və haram işlə məşğul olmağın sonu belə də olmalı idi… Belə ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin Anti-Korrupsiya Agentliyi Tbilisi Bələdiyyəsinin MMC “Hermes” şirkətində çalışan bir nəzarətçini kommersiya rüşvəti faktına görə saxlayıb. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumata görə, hadisə Muxatsqverdi qəbiristanlığında baş verib. Şirkət əməkdaşı vətəndaşa pul qarşılığında qəbir sahəsini qanunsuz şəkildə verməyi təklif edib. İstintaq göstərib ki, nəzarətçi vətəndaşa vəd edib ki, ölüm haqqında arayış olmadan 3 yerlik qəbir verəcək və saxta qəbir şəhadətnaməsi hazırlayacaq. Bu sənəddə vətəndaşın mərhum babasının məlumatları qeyd olunacaq və guya qəbir artıq istifadə olunmuş kimi göstəriləcək. Bunun qarşılığında 4600 lari tələb olunub. 2025-ci ilin 3 və 5 noyabr tarixlərində vətəndaş təqsirlənən şəxsə 2100 lari verib. Noyabrın 14-də isə qəbir nəzarətçisi şəhadətnaməni təqdim edib və qalan 2500 larini alıb. İstintaq çərçivəsində aparılan gizli əməliyyatlar zamanı cinayəti təsdiqləyən audio və video sübutlar əldə olunub. Hadisə Cinayət Məcəlləsinin 221-ci maddəsinin 4-cü hissəsinin “a” bəndi üzrə araşdırılır. Sözügedən maddəyə görə, rüşvət faktına görə 4-6 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

XXX

“Təzadlar” bir neçə gün əvvəl Bakı şəhərinin ətrafındakı qəbirstanlıqlarda apardığı müşahidələr əsasında yazı dərc etmişdi. Məlum olurdu ki, təkcə paytaxtın Yasamal ərazisində 2 kvm.- lik qəbir yerinin 5-10 min manat arası (1 kvm. Sahə 2,5-5 min manat) satıldığı ərazilərdə yeni tikilən mənzillərin bazar qiyməti 1000-3 min manat arasında təklif edilir, yəni, qəbir yeri mənzil sahəsindın 2-3 dəfə bahadırŞ bunu kimlər edir, bu nə bazardır? Aidiyyəti qurumlar niyə kütləvi hal alan belə faktlara susurlar, çox maraqlıdır… Ən pisi odur ki, hazırda paytaxt ərazisində pulsuz qəbir yeri əldə etmək qeyri- mümkündür. Fərdi ev tikintisi üçün torpaq satmaqla ad çıxarmış bələdiyyələr indi də qəbir yeri satmağa girişiblər…

A.Məmmədli

Xəbəri paylaş

Xəbər lenti