Gürcüstanın 3-cü prezidenti Mixeil Saakaşvili ötən günkü məhkəmə prosesini kəskin tənqid edərək, onu “4 oktyabrla qorxudulmuş gürcü xalqı ilə manipulyasiya edilmiş kriminal klanın növbəti sirk nümayişi” adlandırıb. Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, o, həmçinin iddia edir ki, ona siyasi fəaliyyəti üzündən uzun müddətli cəza verilir. Saakaşvili bildirib ki, planlaşdırılmış məhkəmə prosesi iyul ayında başa çatmalı idi, lakin 4 oktyabr üçün çağırış səslənəndən sonra təxirə salındı. Onun sözlərinə görə, məqsəd küçəyə çıxacaq insanları qorxutmaqdır.
Saakaşvili İvanişvilinin idarəçiliyində siyasi məhbusların dörd kateqoriyaya bölündüyünü iddia edib: Moskvanın əmri ilə həbs olunanlar; siyasi liderlər; etiraz aktivistləri və “vicdan məhbusları”; həmçinin İvanişvili ilə biznes əlaqələri olanlar. Sabiq prezident dövlət səfirləri və xarici qonaqların qəbuluna görə qarşılaşdığı ittihamları da tənqid edib. O bildirib ki, rəsmi xərclərin hamısı sənədləşdirilmişdi, lakin prokurorluq bu sənədlərə yeni maddə əlavə edib və ona qarşı iqtisadi cinayət ittihamları irəli sürülüb. Saakaşvili həmçinin şəxsi mülklərinin, o cümlədən sevimli üzüm bağının və oradakı 70 kv.m-lik evin müsadirəsi cəhdlərini pisləyib. O, həmin bağın Rusiya şərab embarqosuna qarşı müqavimət və diplomatik görüşlər mərkəzi olduğunu, burada Amerika senatorları, rəsmilər və xarici qonaqların olduğunu xatırladıb.
Sabiq prezident vurğulayıb ki, məhkəmə prosesləri və mülkiyyətin müsadirəsi yalnız intiqam məqsədi daşıyır: “Bu proseslər yalnız bir şeyə xidmət edir — intiqama, çünki mən Gürcüstanda korrupsiyanı məğlub etmişəm”. Saakaşvili iddia edir ki, onun prezidentliyi dövründə dövlət büdcəsində “3 milyard” qalıb, lakin hazırkı hakimiyyət bu vəsaiti mənimsəyib. O, həmçinin tarixə inandığını və “tarixin ona haq qazandıracağını bildirib.
QEYD: Tbilisi Şəhər Məhkəməsi dünən Mixeil Saakaşvili ilə bağlı qərar qəbul edib. Məhkəmə Maliyyə Nazirliyinin iddiasını təmin edərək dövlət büdcəsindən mənimsənildiyi deyilən 9 milyon larinin geri qaytarılmasına qərar verib.

