Azərbaycanda 2027-ci il martın 1-dən saatlıq əməkhaqqı və minimum saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. Həmçinin əməkhaqlarının elektron sistem vasitəsilə nağdsız ödənilməsinə başlanılacaq, 3 yaşınadək uşağa qulluğa görə müavinət 100 manata çatdırılacaq, istifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiya qaydaları dəyişdiriləcək.
Tezadlar.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Əmək Məcəlləsinə, daha 5 məcəlləyə, 4 əsasnaməyə və 16 qanuna dəyişiklik təklif olunur. Ümumilikdə 26 qanunvericilik aktına təklif edilən dəyişikliklərin məzmunu Əmək Məcəlləsinə nəzərdə tutulan yeniliklərlə bağlıdır. Bu dəyişiklikləri mahiyyət etibarilə dörd istiqamətdə qruplaşdırmaq mümkündür.
Deputatın sözlərinə görə, birinci istiqamət saatlıq əməkhaqqı sisteminin tətbiqi ilə bağlıdır.
O qeyd edib ki, Azərbaycanda əməyin ödənilməsi hazırda vaxtamuzd, işəmuzd və digər formalarda həyata keçirilir, minimum əməkhaqqı isə aylıq dövrü əhatə edir. Bu yanaşma qısamüddətli işlərə cəlb olunan və natamam iş saatlarında çalışan şəxslərin əməyinin ödənilməsində qeyri-bərabərlik yaradır.
M.Quliyev bildirib ki, işçilərin minimum yaşayış səviyyəsinin təmin edilməsi üçün əsas sosial siyasət aləti kimi minimum əməkhaqqı indikatorundan istifadə olunur. Heç bir işəgötürən işçiyə ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı təklif edə bilməz.
Lakin minimum əməkhaqqı bütün iş rejimləri üçün universal indikator rolunu oynaya bilmir. Xüsusilə natamam və mövsümi işlərdə, qısamüddətli müqavilə tələb olunan fəaliyyətlərdə əməyin yalnız aylıq minimum əməkhaqqı sistemi əsasında ödənilməsi qeyri-bərabərliyə və sosial ədalətsizliyə səbəb olur.
Deputatın sözlərinə görə, bu səbəbdən bir çox ölkələrdə aylıq əməkhaqqı ilə yanaşı, saatlıq əməkhaqqı rejimi də tətbiq edilir.
O vurğulayıb ki, saatlıq minimum əməkhaqqı kənd təsərrüfatı, ictimai iaşə, turizm, məişət xidməti, daşıma xidmətləri və informasiya texnologiyaları sektorunda çalışanların əməyinin ödənilməsində bərabər və ədalətli yanaşmanı təmin edə bilər.
Saatlıq əməkhaqqının tətbiqi azyaşlı uşaqları olan qadınların, tələbələrin və pensiyaçıların əmək bazarına çıxışını asanlaşdıran iş rejimi olmaqla yanaşı, qeyri-formal məşğulluğun rəsmiləşdirilməsinə təkan verən sosial alət kimi də əhəmiyyətlidir.
Bildirilib ki, qanun layihəsində saatlıq əməkhaqqının minimum məbləğinin minimum aylıq əməkhaqqının bir saatına düşən məbləğdən az ola bilməyəcəyi təsbit olunur. Saatlıq əməkhaqqı sisteminin tətbiq ediləcəyi iqtisadi fəaliyyət növlərinin siyahısını Nazirlər Kabineti müəyyən edəcək.
Əmək müqaviləsi bir aydan az müddətə bağlandıqda və ya həftəlik iş vaxtı 20 saatdan çox olmadıqda əməyin ödənilməsində saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur.
M.Quliyev bildirib ki, minimum saatlıq əməkhaqqı sisteminin tətbiqi əməyin ödənilməsində daha çevik və sosial baxımdan ədalətli mexanizmin formalaşmasına, işçilərin əmək hüquqlarının qorunmasına və əmək münasibətlərində şəffaflığın artırılmasına xidmət edəcək.
Deputatın qeyd etdiyi ikinci istiqamət əməkhaqqı ödənişlərinin elektronlaşdırılması ilə bağlıdır.
O bildirib ki, əməkhaqqı ödənişlərinin elektronlaşdırılması əmək münasibətlərinin tənzimlənməsində qanunvericiliyin tələblərinə əməl olunmasını, əməkhaqlarının düzgün hesablanmasını, vaxtında ödənilməsini və bütün proseslərin rəqəmsal texnologiyalar vasitəsilə həyata keçirilməsini təmin edən qaydalar sistemidir.
Onun sözlərinə görə, bu sistem çərçivəsində işçinin nə qədər işlədiyi, neçə saat əmək sərf etdiyi, nə qədər əməkhaqqı qazandığı və ona hansı məbləğin ödənildiyi elektron sistemdə qeydə alınacaq. İşçinin əməkhaqqı və digər ödənişləri elektron sistem vasitəsilə onun seçdiyi bankdakı hesabına köçürüləcək.
M.Quliyev vurğulayıb ki, əməkhaqqı ödənişlərinin elektronlaşdırılması eyni zamanda nəzarət mexanizmidir. Bu sistem işəgötürənlərin əməkhaqqı ödənişlərini tam və vaxtında həyata keçirməsinə dövlət orqanları tərəfindən nəzarəti gücləndirməyə imkan verəcək.
Nəticədə əməkhaqlarının düzgün hesablanmaması, ödənişlərin gecikdirilməsi, azaldılması və gizlədilməsi kimi qanunsuz halların vaxtında aşkarlanması və aradan qaldırılması üçün zəmin yaranacaq.
Deputat bildirib ki, təklif olunan dəyişikliklər qəbul edildikdən sonra əməyin ödənilməsi tam elektronlaşdırılacaq, işəgötürənlərin əmək ödənişlərinin uçotu, hesablanması və ödənilməsi ilə bağlı iş yükü azalacaq.
Eyni zamanda, işəgötürənlərin vergi orqanlarına əməkhaqqı ilə bağlı gəlir vergisi, sosial sığorta haqları, işsizlikdən sığorta və tibbi sığorta haqları üzrə təqdim etdikləri bəyannamələrə ehtiyac qalmayacaq. Rüblük bəyannamələr aylıq məlumatlarla əvəz olunacaq və əməyin ödənişinə elektron nəzarət mexanizmi qurulacaq.
Bununla yanaşı, qeyri-formal məşğulluğa qarşı mübarizə güclənəcək, sığorta-pensiya sistemində məcburi dövlət sosial sığorta haqlarının şəxslərin fərdi hesablarına avtomatik daxil edilməsi təmin olunacaq.
Həmçinin ezamiyyət, məzuniyyət və əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında orta aylıq əməkhaqqının avtomatik hesablanması mümkün olacaq, vətəndaşların öz gəlir tarixçələrinə çıxış imkanları genişlənəcək.
M.Quliyev çıxışında qanun layihəsindəki üçüncü istiqamətin uşağa qulluğa görə müavinət almaq hüququnun tənzimlənməsi ilə bağlı olduğunu bildirib.
O qeyd edib ki, “Sosial sığorta haqqında” Qanunda 3 yaşınadək uşağa qulluğa görə müavinətin təyin edilməsi üçün ən azı 6 aylıq sığorta stajının olması tələbinin müəyyənləşdirilməsi digər qanunlarda da uyğunlaşdırıcı dəyişikliklər edilməsini zəruri edir.
Deputatın sözlərinə görə, bu istiqamətdəki dəyişikliklər ailələrin, ilk növbədə isə azyaşlı uşaqları olan valideynlərin sosial müdafiəsinə xidmət edir.
Belə ki, indiyədək qanunvericilikdə istifadə olunan “qismən ödənişli sosial məzuniyyət” anlayışı “uşağa qulluğa görə sosial məzuniyyət” anlayışı ilə əvəzlənəcək.
O bildirib ki, bu, sadəcə ad dəyişikliyi deyil. “Qismən ödənişli” ifadəsi məzuniyyətin məqsədindən daha çox ödənişin az olmasını ön plana çıxarırdı. Yeni anlayış isə məzuniyyətin əsas məqsədini – uşağa qayğı göstərmək hüququnu ifadə edir.
M.Quliyev diqqətə çatdırıb ki, ən mühüm dəyişikliklərdən biri həm hamiləliyə və doğuma görə müavinətin, həm də 3 yaşınadək uşağa qulluğa görə müavinətin bundan sonra “Sosial sığorta haqqında” Qanuna uyğun olaraq sosial sığorta müavinəti kimi təyin və ödənilməsidir.
Beləliklə, bu ödənişlər sığortaolunanın ödədiyi sosial sığorta haqları ilə birbaşa əlaqələndiriləcək və vahid sosial sığorta sisteminə daxil ediləcək.
Eyni yanaşma hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının və diplomatik xidmətdə çalışanların statusunu tənzimləyən qanunvericilik aktlarında, eləcə də təhsil və səhiyyə sahəsindəki qanunvericilikdə tətbiq olunacaq. Nəticədə hansı sahədə çalışmasından asılı olmayaraq, bütün valideynlər üçün eyni anlayış və təminatlar nəzərdə tutulacaq.
Deputat əlavə edib ki, hazırda bir yaş yarımadək uşaqlara ödənilən 44 manat, bir yaş yarımdan üç yaşadək uşaqlara ödənilən 28 manat məbləğində müavinət artırılaraq 100 manata çatdırılacaq.
O, “Sosial sığorta haqqında” Qanuna təklif edilən digər dəyişikliyin Naxçıvan Muxtar Respublikasında sahibkarlığa dəstək məqsədi daşıdığını da bildirib.
Qeyd olunub ki, layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının rezidenti olan qeyri-dövlət sektoru sığortaedənlərinin ödədiyi məcburi dövlət sosial sığorta haqları 2036-cı il yanvarın 1-dək tam şəkildə dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq.
Bu güzəşt neft-qaz, maliyyə və avtomobil nəqliyyatı ilə yükdaşıma sahələrinə, həmçinin dövlət büdcəsi hesabına mal və xidmət təqdim edən podratçılara şamil edilməyəcək. Lakin muxtar respublikada istehsal fəaliyyəti göstərən rezident podratçılar bu güzəştdən istifadə edə biləcəklər.
M.Quliyevin sözlərinə görə, bu, Naxçıvanda yeni iş yerlərinin yaradılmasını, rəsmi məşğulluğun artırılmasını və yerli istehsalın inkişafını stimullaşdıran uzunmüddətli və proqnozlaşdırıla bilən dəstək mexanizmidir. Bu müddəanın 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Deputat qanun layihəsindəki dördüncü istiqamətin əmək məzuniyyəti hüququnun real təminatı ilə bağlı olduğunu bildirib.
O qeyd edib ki, praktikada işçilərin illərlə məzuniyyətə çıxmaması, istifadə edilməyən günlərin toplanması və sonradan həmin günlərin taleyi ilə bağlı mübahisələrin yaranması halları müşahidə olunur. Təklif edilən dəyişikliklər bu problemin sistemli şəkildə həllinə yönəlib.
Belə ki, Əmək Məcəlləsinin məzuniyyətin başqa vaxta keçirilməsini tənzimləyən müddəası yeni redaksiyada veriləcək və bunun bütün halları dəqiq müəyyənləşdiriləcək.
Məzuniyyət işçinin xəstələnməsi, sosial məzuniyyətlə üst-üstə düşməsi, ezamiyyətə göndərilməsi, istehsal zərurəti yarandıqda yalnız işçinin razılığı ilə, hərbi vəziyyət dövründə səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi, eləcə də tərəflərin qarşılıqlı razılığı əsasında başqa vaxta keçirilə biləcək.
İstifadə edilməmiş məzuniyyətin bir hissəsinin növbəti ilin məzuniyyətinə birləşdirilməsi də yalnız tərəflərin razılığı ilə mümkün olacaq.
Deputat bildirib ki, kompensasiya məsələsində iki əsas prinsip müəyyən edilir. Birincisi, istifadə edilməmiş və növbəti ilə keçirilməmiş məzuniyyət günlərinə görə işçinin yazılı və ya elektron ərizəsi əsasında kompensasiya ödəniləcək. Beləliklə, həmin günlər itirilməyəcək.
İkinci mühüm dəyişiklik isə məzuniyyətin qanunla müəyyən edilmiş 21 günlük minimum müddətinin pulla əvəz edilməsinin qadağan olunmasıdır. Bu, yalnız əmək müqaviləsi ləğv edilərkən mümkün olacaq.
“Başqa sözlə, işçinin istirahət hüququ pulla alınıb-satılan əmtəəyə çevrilmir, insanın sağlamlığı və ailəsi üçün vaxt qorunur”, – deyə M.Quliyev bildirib.
Onun sözlərinə görə, əmək müqaviləsi ləğv edilərkən kompensasiya artıq yalnız əsas deyil, əlavə məzuniyyətlərə görə də ödəniləcək. Eyni qaydaların gömrük, vergi və daxili işlər orqanlarında xidmət edən şəxslərə də şamil edilməsi nəzərdə tutulur.
Deputat qeyd edib ki, ədalətli keçidin təmin edilməsi üçün qanun layihəsində xüsusi müddəa da yer alıb. Belə ki, minimum məzuniyyət müddətinin kompensasiya ilə əvəz edilməsinə qoyulan qadağa qanun qüvvəyə minənədək başa çatmış iş illərinə şamil edilməyəcək. Bununla da işçilərin artıq qazanılmış hüquqları qorunacaq.
M.Quliyev qanun layihəsinin müddəalarının mərhələli şəkildə qüvvəyə minəcəyini bildirib. Bu, həm işəgötürənlərə, həm də dövlət qurumlarına yeni qaydalara hazırlaşmaq imkanı verəcək.
Belə ki, məzuniyyət və kompensasiya qaydaları qanun dərc edildiyi gündən, uşağa qulluğa görə sosial məzuniyyət və müavinətlər, eləcə də Naxçıvan üzrə subsidiya 2027-ci il yanvarın 1-dən, saatlıq əməkhaqqı və minimum saatlıq əməkhaqqı 2027-ci il martın 1-dən, əməkhaqqının elektron sistem vasitəsilə nağdsız ödənilməsi isə 2027-ci il aprelin 1-dən qüvvəyə minəcək.
Deputat təqdim etdiyi qanun layihəsinin əsas məqsədinin əmək qanunvericiliyinin müasir əmək bazarının reallıqlarına uyğunlaşdırılması və işçilərin hüquqlarının daha etibarlı qorunması olduğunu vurğulayıb.
“Saatlıq əməkhaqqı qısamüddətli işi rəsmiləşdirir, nağdsız ödəniş əməkhaqqını şəffaflaşdırır, uşağa qulluğa görə müavinət ailələri sosial sığorta sisteminə tam daxil edir, məzuniyyət qaydaları isə işçinin istirahət hüququnu qoruyur”, – deyə o bildirib.
M.Quliyev qeyd edib ki, bütün dəyişikliklərdə əsas məqsəd işçinin rəsmi, sığortalı və qorunan məşğulluğunun təmin edilməsidir. Bu isə Prezident İlham Əliyevin sosial siyasətinin əsas prioritetlərindən biri olan vətəndaşların rifahının yüksəldilməsi məqsədinə birbaşa xidmət edir.
O, deputatları qanun layihəsini dəstəkləməyə çağırıb.
Dövlət rüsumları ilə bağlı qanunvericiliyə də dəyişiklik təklif olunur
Musa Quliyev, həmçinin “Dövlət rüsumu haqqında” Qanunda və bir sıra qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə digər qanun layihəsini təqdim edib.
O bildirib ki, bu layihə dövlət rüsumlarının tənzimlənməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsini, mövcud normaların vahid hüquqi çərçivədə sistemləşdirilməsini, bəzi dövlət xidmətləri üzrə rüsum güzəştlərinin dəqiqləşdirilməsini və inzibati prosedurların sadələşdirilməsini nəzərdə tutur.
Deputatın sözlərinə görə, layihə ilə Mülki Prosessual, Miqrasiya və digər məcəllələrdə, eləcə də 18 qanunda müvafiq dəyişikliklər edilir. Əsas məqsəd dövlət rüsumlarının ödənilməsi və bu ödənişlərdən azadolma hallarının vahid mənbədə – “Dövlət rüsumu haqqında” Qanunda müəyyən edilməsidir.
O qeyd edib ki, dəyişikliklərin birinci mühüm istiqaməti dövlət rüsumlarından azadolma hallarının sistemləşdirilməsidir.
Hazırda dövlət rüsumlarından azadolma ilə bağlı normalar müxtəlif qanunvericilik aktlarında əksini tapır. Bu isə hüquqi normaların təkrarlanmasına və onların tətbiqində müəyyən çətinliklərə səbəb ola bilər.
Layihəyə əsasən, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin, valideyn himayəsindən məhrum olmuş uşaqların və digər sosial qrupların dövlət rüsumlarından azad olunması ilə bağlı müddəalar müvafiq qanunlardan çıxarılaraq “Dövlət rüsumu haqqında” Qanunda mərkəzləşdiriləcək.
Bu yanaşma hüquqi tənzimləmənin vahidliyini təmin etməklə yanaşı, vətəndaşların güzəştlərlə bağlı hüquqlarını müəyyənləşdirməsini də asanlaşdıracaq.
Xüsusilə şəhid ailələrinin notariat hərəkətləri üzrə dövlət rüsumlarından azadolma məsələsi də vahid qanunla tənzimlənəcək.
Deputatın sözlərinə görə, ikinci istiqamət vətəndaşların bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilməsidir.
Belə ki, şəxsiyyət vəsiqəsinin üzərindəki məlumatlarda, elektron daşıyıcısında və dövlət informasiya sistemlərində səhv aşkar edildikdə, həmin səhvlərin aradan qaldırılması üçün dövlət rüsumu tutulmayacaq.
Eyni qayda sürücülük vəsiqəsinin üzərindəki yazı səhvləri ilə əlaqədar dəyişdirilməsinə də şamil olunacaq. Bu halda vətəndaşdan dövlət rüsumu alınmayacaq.
M.Quliyev bildirib ki, bu dəyişikliklər vətəndaşların özlərindən asılı olmayan texniki səhvlərə görə əlavə maliyyə yükü daşımamasına xidmət edir.
Digər mühüm yenilik daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlıdır. Belə ki, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənədlər əsasında qeydiyyatın aparılması, habelə hüquq sahibinin iradəsindən asılı olmayan səbəblərdən ünvanın dəyişdirilməsi, küçə və digər ərazi vahidlərinə ad verilməsi və ya adların dəyişdirilməsi, eləcə də qeydiyyat orqanının texniki səhvlərinin aradan qaldırılması ilə əlaqədar müvafiq çıxarış və texniki sənədlərin verilməsinə görə dövlət rüsumu tutulmayacaq.
Deputat qeyd edib ki, bu müddəa xüsusilə köhnə sənədlər əsasında əmlak hüquqlarını rəsmiləşdirmək istəyən vətəndaşlar üçün əhəmiyyətlidir.
O bildirib ki, üçüncü istiqamət sosial müdafiəyə ehtiyacı olan şəxslər üçün güzəştlərin dəqiqləşdirilməsidir.
Layihədə məcburi köçkünlərin 1994-cü il iyunun 1-dək mülkiyyət hüququ əsasında əldə etdikləri şəxsi minik avtomobillərinin texniki baxışı, texniki pasportlarının, dövlət nömrə nişanlarının və sürücülük vəsiqələrinin dəyişdirilməsi zamanı dövlət rüsumundan azad olunması ayrıca təsbit edilir.
Bununla yanaşı, Miqrasiya Məcəlləsində nəzərdə tutulan müəyyən əsaslarla müvəqqəti yaşama icazəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi tələb olunmayacaq.
M.Quliyev dördüncü istiqamətin dövlət xidmətlərinin və inzibati prosedurların təkmilləşdirilməsi ilə bağlı olduğunu bildirib.
Onun sözlərinə görə, layihədə dövlət rüsumlarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun informasiya sistemi vasitəsilə ödənilməsi nəzərdə tutulur.
Bundan başqa, hüquqi şəxslərin dövlət qeydiyyatı, notariat fəaliyyəti, miqrasiya, məhkəmə icraatı və digər sahələr üzrə qanunvericilik normaları dəqiqləşdirilir, bəzi təkrarlanan müddəalar ləğv edilir.
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində dövlət təminatı ilə nəzərdə tutulmuş hallarda özəl tərəfdaşların dövlət rüsumlarından azad edilməsi də layihənin mühüm yeniliklərindəndir.
Deputat bildirib ki, beşinci istiqamət bəzi dövlət rüsumlarının dərəcələrinə yenidən baxılmasıdır.
Belə ki, layihəyə əsasən, dövlət baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumunun 20 manatdan 30 manata qaldırılması, digər bir xidmət üzrə rüsumun isə 4 manatdan 2 manata endirilməsi təklif olunur. Bununla yanaşı, dövlət rüsumları haqqında qanunun iki müddəasının ləğvi nəzərdə tutulur.
M.Quliyev bildirib ki, bu dəyişikliklərin konkret xidmətlər üzrə tətbiqini və vətəndaşlara maliyyə təsirini qiymətləndirmək üçün müvafiq xidmətlərin məzmunu və qüvvədə olan tariflər nəzərə alınmalıdır.
O vurğulayıb ki, ümumilikdə, təqdim olunan qanun layihəsi dövlət rüsumlarının hüquqi tənzimlənməsinin vahid sistemə gətirilməsi, sosial güzəştlərin qorunması və dəqiqləşdirilməsi, texniki səhvlərə görə vətəndaşların əlavə ödənişlərdən azad edilməsi, habelə dövlət xidmətlərinin inzibati baxımdan təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir.
“Bu dəyişikliklər dövlət xidmətlərinin daha əlçatan olmasına, vətəndaş məmnunluğunun yüksəldilməsinə və qanunvericilikdə hüquqi müəyyənliyin gücləndirilməsinə xidmət edəcək”, – deyə deputat bildirib.
O, dövlət rüsumları ilə bağlı qanun layihəsinin də qəbul edilməsini məqsədəuyğun hesab etdiyini bildirib. (Trend)







