Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Professor İlham Rəhimovu hamı belə tanıyır və sevir…
…Mən universitet mühitində çox fərqli adamlar görmüşəm: elmi ilə böyük alimlər, illərin qocaman professorları, yüksək vəzifə tutan müəllimlər… Xüsusən də hüquq fakültəsində cəmiyyətdə böyük nüfuza, rütbəyə, vəzifəyə malik insanların dərs deməsi adi haldır. Amma universitet tələbələri müəllimi nüfuzuna, cəmiyyətdə tutduğu mövqeyə, vəzifəsinə və ya imkanlarına görə sevmirlər. Haradasa sözünün keçməsi, nüfuz sahibi olmaq auditoriyada tələbə sevgisi qazandırmır. Hətta çox böyük savad və intellektual baza da bəzən bu sevgini təmin etmir.
Tələbə gözü ayrıdır, tələbə ürəyi çox həssasdır. O, müəllimi savadına, sadəliyinə, ədalətinə və insani keyfiyyətlərinə görə qəbul edir. Tələbə sevgisi çox yüksək və çətin meyardır.
Bilirsiniz ki, professor İlham Rəhimov həm alim, həm də insan olaraq kifayət qədər nüfuzludur, elmi və ictimai çəkisi böyükdür. Onun nüfuzu Azərbaycanın hüdudlarını aşır, bu barədə çox danışılıb. Amma onu bir də tələbələrin gözündə görmək lazımdır.
Tələbələr onu sadə, səmimi, yüksək mədəniyyətli bir müəllim kimi tanıyır və heç bir məcburiyyət olmadan dərsinə tələsirlər.
İlham müəllimin böyük nüfuzu tələbələr üçün həm məsuliyyətdir, həm də inam mənbəyidir. Onlar ona baxaraq gələcək davranışları üçün örnək götürürdülər. Auditoriyada gərginlik, imtahan qorxusu peşəyə sevgi, dərsə maraq və gələcəyə inamla əvəzlənirdi.
İlham müəllim tələbələrin öz həyat modellərini qurmasına təsir edəcək qədər sadə və əlçatan idi. Onun nüfuzu tamamilə hörmət və simpatiyaya çevrilirdi. Bu qədər savadlı olmaqla yanaşı, sadəlik, mehribanlıq və mərdlik onun davranışında açıq-aydın hiss olunurdu və tələbələrə rahatlıq, məmnunluq gətirirdi.
O, elmi biliyini nümayiş etdirməyə yox, paylaşmağa üstünlük verən alimlərdəndir. Elə buna görə də onun dərsləri sadəcə proqram materialı ilə məhdudlaşmırdı: bu dərslər hüquqi düşüncə, peşə etikası və həyat dərsi idi. Tələbə onun üçün sadəcə, dinləyici yox, şəxsiyyət və gələcək həmkar idi!

…Mən bilərəkdən professor İlham Rəhimovun elmi adlarından, gördüyü böyük işlərdən, müxtəlif dillərə tərcümə edilib çap olunmuş kitablarından, cəmiyyətdəki mövqeyindən başlamadım. İstədim ki, onun çoxlarına görünməyən tərəfini – illər boyu müşahidə etdiyim insani keyfiyyətlərini önə çəkim.
İlham müəllim alim və hüquqşünas kimi hələ sovet dövründə özünü sübut etmiş, kitabları, monoqrafiyaları, hazırladığı proqram və elmi təklifləri ilə çoxdan qəbul olunmuş şəxsiyyətdir. Amma onun hər kəsi heyran qoyan əsas cəhəti sadəliyi və mərdliyidir!
***
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində İlham müəllimi uzun illər müşahidə etmişəm. Əminliklə deyə bilərəm ki, o, auditoriyada necə idisə, auditoriyadan kənarda da elə idi – səmimi, təmkinli, prinsipial və ədalətli.
Zəngin və məhsuldar bir ömür yaşayan İlham Rəhimovun elmi fəaliyyəti Azərbaycan hüquq elminin mühüm səhifələrindən biridir. Cinayət hüququ və kriminologiya sahəsində apardığı tədqiqatlar, yazdığı fundamental əsərlər hüquqşünaslar üçün etibarlı elmi mənbədir.
***
…Böyük ürəyə sahib, sadə, səmimi və mərd İlham Rəhimovun 75 yaşı tamam olur. Əlamətdar yubiley münasibətilə onu səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və elmi yaradıcılığında yeni uğurlar arzulayıram.
Məhəmməd İMANLI,
Professor