Sanksiyalar Gürcüstana ağır problemlər gətirməkdədir!

Oxunma sayı: 20

Sanksiyalar Gürcüstanın iqtisadiyyatına vı sosial həyatına ciddi problemlər yaşadır. Baş nazir İrakli Kobaxidze bəzi Qərb ölkələrinin Gürcüstanın yüksək vəzifəli şəxslərinə qarşı tətbiq etdiyi sanksiyaları siyasi təzyiq və düşmənçilik aktı adlandırıb. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, o, bu barədə Gürcüstanın Birinci Kanalına müsahibəsində danışıb. Baş nazir bəzi müxalifət partiyalarını və qeyri-hökumət təşkilatlarını Gürcüstana qarşı yalan məlumat yaymaqda və xarici ölkələrdən sanksiyalar tələb etməkdə ittiham edib. O bildirib ki, Gürcüstanın Rusiya üçün “qara dəlik” olduğu və sanksiyalardan yayınmağa kömək etdiyi barədə yayılan iddialar tamamilə yalandır.

“Bu, siyasi və diplomatik baxımdan açıq-aşkar düşmənçilik aktıdır. Biz başqa bir ölkənin baş nazirini və ya prezidentini sanksiyaya məruz qoysaq, bu, diplomatik dildə faktiki olaraq müharibə elanı demək olardı. Müəyyən QHT-lər və siyasətçilər açıq şəkildə etiraf edirlər ki, Gürcüstana qarşı belə sanksiyaların tətbiqinə yardım ediblər”, – Kobaxidze qeyd edib.

Baş nazir vurğulayıb ki, məsələ ilə bağlı hüquqi qiymət verilməsi prokurorluğun səlahiyyətindədir və müvafiq araşdırmalar aparılacaq. O, xaricdən maliyyələşən bəzi təşkilatları Gürcüstanın milli maraqlarına zidd fəaliyyət göstərməkdə günahlandırıb.

Qeyd edək ki, son dövrlərdə Estoniya, Böyük Britaniya, ABŞ və Litva Gürcüstan hökumətinin bəzi yüksək rütbəli nümayəndələrinə qarşı fərdi sanksiyalar tətbiq edib.

Məsələ ondadır ki, bir tərəfdən Rusiyanın müharibə fəsadları, ölkəni iki separatçı “dövlət”ə parçalaması, hazırkı hakimiyyətin isı Rusiyaya meyilliyi, digər tərəfdən Avropa ölkələrinin bu səbəbdən Gürcüstana sanksiyalar tətbiq etməsi çıxılmaz vəziyyət yaradıb. Necə deyərlər, aşağı baxlr- saqqal, yuxarı baxır bığ!

A.Məmmədli

Xəbəri paylaş