Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nəhayət, növbə onlara da çatdı: süni intellektlə hazırlanan saxta və seksual məzmunlu materialların mediada yayımı qadağan edildi. Tezadlar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Media haqqında” qanuna əlavə edilən yeni -14.1.13-1-ci maddədə əksini tapıb. Qanuna əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialların yayılmasına yol verilməməlidir. Bu halda yayım Audiovizual Şuranın qərarı ilə 24 (iyirmi dörd) saat müddətinədək müvəqqəti dayandırılacaq. Belə informasiyalar dərc edilən xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına məhkəmənin qərarı ilə qadağa qoyula bilər. Məhkəmə bu tələbə zidd olaraq xarici çap mediasının artıq paylanmış məhsulunu satışdan yığışdırmaq barədə qərar qəbul edə bilər.
Eyni zamanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliyə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialların yerləşdirilməsinə yol verməməlidir.