Dünən Kəşfiyyatçı polkovnik-leytenant Raquf Orucovun xatirəsi məzarı başında anılıb.
Tezadlar.az – ın əməkdaşının da iştirak etdiyi tədbirdə qəhrəman polkovnikin döyüş yolundan bəhs edilib.
Xatırladırıq ki, 04 aprel 2025-ci il tarixdə Sumqayıt şəhər şəhidlər xiyabanında 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş “Murov qartalı” ləqəbli əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun şəhidlik zirvəsinə ucalmasının 9-cu ildönümü məzarı başında qeyd edilib. Anım mərasimində şəhidin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, millət vəkili Elman Məmmədov, müharibə iştirakçıları, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Mərasim iştirakçıları şəhid polkovnik-leytenant Raquf Orucovun keçdiyi döyüş yolundan, aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlardan söhbət açmış, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında qazandığı şanlı Zəfərdən bəhs etmişlər.
Allah rəhmət eləsin!
XXX
Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət Özbəkistanda xidmət etdikdən sonra Qarabağ müharibəsinin başlaması xəbərini almış və Sovet ordusundan ayrılaraq Azərbaycan Ordusunun sıralarına qoşulmuş, üç-dörd ay ərzində Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası almışdı. O, Qarabağda döyüşməyə başlayarkən Ağdamda Allahverdi Qənbərovun rəhbərlik etdiyi özünümüdafiə batalyonuna qatılmışdı. Onun anası Raya xanım 1993-cü ilin 12 iyununda Ağdam rayonunun Cinli kəndini işğal edilməsi nəticəsində şəhid olmuşdur. Elə həmin ildən Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə vermiş, lakin ertəsi il həmin məktəbə qəbul ola bilmişdi.