25 Fevral 2026 / 15:45

Səid Rüstəmovun əsərlərindən ibarət gecə keçirildi – FOTOLAR

Fevralın 24-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində görkəmli bəstəkar Səid Rüstəmovun mahnılarından ibarət konsert proqramı  təqdim edildi.

Konsertdə Xalq artisti Heydər Anatollu “Hardasan?”, Rövşən Qəhrəmanov “Dəymə dedi”, “Qurban adına”, Mədinə Kazımova “Gəl maralım”, Sərxan Bünyadzadə “Şeir deyilmi?”, “Oxu gözəl”, Ayşən Mehdiyeva “Haralısan”, “Gəlmədin”, Hakim Abdullayev “Bağçamıza gəldi bahar”, İlhamə Qasımova “Getmə, getmə”, Ağabala Sadıxzadə “Bahar olsun”, “Həkim qız”, Fəxri Kazım Nicat “Sənindir”, “Sumqayıt”, Xalq artisti Gülyanaq Məmmədova  “İntizar”, “Quba” mahnılarını təqdim etdilər. Müğənnilərin ifaları tamaşaçıların sürəkli alqışları ilə müşayiət  olundu.

Qeyd edək ki, bəstəkar, dirijor, pedaqoq Səid Rüstəmov 1907-ci ildə dünyaya göz açıb.

Pedaqoji gənc yaşlarından Səid Rüstəmovun fəaliyyət göstərdiyi mühüm sahələrdən biri olmuşdur. Müəllimlər Seminariyasında, daha sonra Pedaqoji İnstitutda təhsil alması Səid Rüstəmovun ümumtəhsil sahəsində uğurlu fəaliyyətini şərtləndirmişdir. Onun tar müəllimi kimi inkişaf etməsində də ümumi pedaqogikanın əsaslarına, tədris metodikasına bələd olması mühüm rol oynamışdır.

Səid Rüstəmov 1926-cı ildə “Süleyman Sani məktəbi” adı ilə tanınan 19 saylı orta məktəbə müəllim təyin edilir.

Üzeyir Hacıbəyov Səid Rüstəmovun namizədliyini Azərbaycan konservatoriyasının xalq şöbəsində müəllimlik etməyə irəli sürdüyü zaman o, hələ musiqi texnikumunda təhsil alırdı. 1928-ci ildən Səid Rüstəmov Bakı Musiqi məktəbində, indiki Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında tar ixtisası üzrə dərs deməyə başlamışdır. O, Üzeyir Hacıbəyovun təşəbbüsü ilə konservatoriyada xalq çalğı alətləri kafedrasının açılmasını qiymətləndirən ilk musiqiçilərdən biri olmuş və ömrünün sonunadək bu kafedrada tar ifaçılığının sirlərini gənclərə öyrətməklə məşğul olmuşdur. Eyni zamanda o, tədris prosesinin nəinki tar ixtisasına, eləcə də musiqi nəzəriyyəsinə aid zəruri ədəbiyyatla təmin edilməsi üçün əlindən gələni əsirgəməmiş, 1931-ci ildə cavan həmkarları – asəf Zeynallı, Fuad Əfəndiyev ilə birlikdə azərbaycan dilində olan “Not savadı” dərsliyini tərtib etmiş, həmçinin rus musiqiçilərinin işlərini – Georgi Konyusun “Elementar musiqi nəzəriyyəsi” və Nikolay Rimski Korsakovun “Harmoniya” dərsliyini azərbaycan dilində tərcümə etmişdir.

1930-cu illərdən etibarən Səid Rüstəmovun həyatı və sənət yolunun mühüm bir mərhələsi başlanır. 1931-ci ildə Üzeyir Hacıbəyov Azərbaycan xalq çalğı alətlərindən ibarət ilk notlu orkestr yaradır. Həmin orkestrin bədii rəhbəri və baş dirijoru Üzeyir Hacıbəyov, dirijor köməkçisi və konsertmeysteri isə Səid Rüstəmov idi. Dörd il sonra Üzeyir Hacıbəyov orkestrdə rəhbərliyi Səid Rüstəmova həvalə edir. Səid Rüstəmov 1975-ci ilə qədər həmin orkestrin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışmışdır.

Bəstəkar kimi Səid Rüstəmovun yaradıcılığı janr etibarilə kifayət qədər genişdir. O, musiqili komediya janrına müraciət etmişdir; bir çox irihəcmli vokal-instrumental və instrumental əsərlər yaratmışdır; bir sıra dram tamaşalarına musiqi bəstələmişdir. Onun yaratdığı çoxsaylı mahnılar milli bəstəkar yaradıcılığı tarixində bu janrda yaradılan klassik nümunələr hesab edilir. Bəstəkar janr seçimində onu istiqamətləndirən, yaradıcılığına təka verən mühüm amillərdən biri Səid Rüstəmovun tarzən kimi böyük məktəbdə təhsil alması idi.

Görkəmli bəstəkar Səid Rüstəmov 1983-cü ildə vəfat etmiş və I Fəxri Xiyabanda dəfn edilmişdir.

anatollu q

fexri kazim sehne

ilhame qasim

muqenni

muqenni

muqenni

muqenni

muqenni

gulyanaq sehne

Y.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!