Sentyabr ayından bəri Fransada keçirilən müxtəlif etiraz aksiyalarında 2600 polis və jandarma zabitinin yaralandığı bildirilir.
Tezadlar.az xəbər verir ki, Fransadakı Alyans polis birliyinin baş katibi Fabien Vanhemelrik RTL radiosunda çıxışı zamanı ölkədə həftələrdir davam edən etirazlarla bağlı qiymətləndirmələr aparıb.
Vanhemelrik sentyabr ayından bəri keçirilən etiraz aksiyalarında 2600 polis və jandarma zabitinin yaralandığını bildirib və əlavə edib ki, bu rəqəmə həkimlər tərəfindən xəsarətləri qeydə alınan hüquq-mühafizə orqanlarının əməkdaşları da daxildir.
O, bəzi həmkarlarının gözlərinin yanması və qulaqlarının gurultusundan əziyyət çəkdiyini qeyd edib və hüquq-mühafizə orqanlarının əməkdaşlarının vəzifələri zamanı ziddiyyətli əmrlər aldığını və özünümüdafiə üçün orta mənzilli silahlarla təmin edilmədiyini iddia edib.
Vanhemelrik qeyd edib ki, həmkarlarının çoxu dövlət dəstəyi və avadanlıqlarının olmaması səbəbindən yaralanıb və etirazlar çərçivəsində “misli görünməmiş zorakılıq”ın narahatlıq doğurduğunu bildirib.
Vanhemelrik bildirib ki, polisə nəzarət və araşdırma aparmaqdan məsul olan Milli Polis Baş Müfəttişliyi (IGPN) etirazların başlanğıcından bəri 146 istintaq açıb və iddia edib ki, “IGPN tərəfindən polis məmuruna qarşı açılan hər bir istintaq sözügedən məmurun günahkar olması demək deyil”.
Vanhemelrik həmçinin qeyd edib ki, etirazlarla əlaqədar təxminən 12.000 nəfər saxlanılıb və 3000 ilə 4000 arasında insan həbs olunub.
Fransada orta məktəb şagirdləri 17 sentyabrdan bəri təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə nümayişlər keçirirlər.
“Sarı Jiletlilər” hərəkatı 17 oktyabrdan bəri yaşayış xərclərinin yüksək olmasına qarşı etiraz edir.
ELBAR







