AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən aparılmış monitorinqlərin nəticəsinə əsasən, sərnişin tələbatının artdığı daha bir hərəkət sahəsində interval azaldılır. Yeni tədris mövsümünün başlanması ilə əlaqədar “Həzi Aslanov” stansiyasında artan sərnişin axınının qarşılanması məqsədilə “Həzi Aslanov–Əhmədli” mənzilində qatarların hərəkəti pik saatlarda 5, qeyri-pik saatlarda isə 7 dəqiqəlik intervalla tənzimlənəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC məlumat yayılıb.
Bildirilib ki, plana uyğun olaraq, sahə üzrə tunellərdə qatarların hərəkətinin təşkili ilə bağlı sınaqlar uğurla yekunlaşdırılıb və təhlükəsiz hərəkət tam təmin edilib.
Hazırda tətbiq edilən yeni interval sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılmasına, eləcə də artan sərnişin axınının daha çevik və operativ şəkildə tənzimlənməsinə xidmət edir.
Yeni hərəkət cədvəli Bakı Metropoliteninin rəsmi saytında yerləşdiriləcək.

