Şimali Koreyanın ballistik raketlərin hazırlanması və buraxılması BMT tərəfindən qadağan edilir, lakin Pxenyan müxtəlif diapazonlu silah proqramlarını inkişaf etdirməyə davam edir
Şimali Koreya xarici müştərilər üçün ehtimal olunan raketləri sınaqdan keçirdi – buraxılış BMT sanksiyalarının pozulması kimi pislənib, – Tezadlar.az “Reuters”-ə istinadən xəbər verir.
Şimali Koreya cümə axşamı səhər şərq sahilindəki Vonsan bölgəsindən bir neçə qısa mənzilli ballistik raket buraxıb. Cənubi Koreya ordusu bildirib ki, raketlər dənizə düşməzdən əvvəl 800 km (500 mil) uçub.
Cənubi Koreya Xarici İşlər Nazirliyi Seulun raketin buraxılışı ilə bağlı kəşfiyyat məlumatlarını bölüşmək üçün ABŞ və Yaponiya ilə sıx əlaqədə olduğunu bildirib. Üç ölkənin nüvə təhlükəsizliyi rəsmiləri telefonla məsləhətləşmələr apararaq, Pxenyanın hərəkətlərini BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq pisləyiblər.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sözçüsü Li Seong-joon bildirib ki, o, raketlərin sayını və ya spesifikasiyasını açıqlaya bilmir, lakin buraxılışın xarici bazarlara yönəlmiş silahların sınaqdan keçirilməsi ilə bağlı ola biləcəyini ehtimal edir.
Koreya Milli Birlik İnstitutunun analitiki Honq Min bunun Pxenyanın Rusiyaya artıq tədarük etdiyi raketlərin eyni olduğunu irəli sürüb.
“Bu iki raketlə bağlı əhəmiyyətli miqdarda məlumatları toplanıb və ola bilsin ki, davamlılıq və dəqiqlik kimi döyüş meydanında bildirilən məsələlərlə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün əlavə sınaqlara ehtiyac var”, – Hon deyib.
Yaponiya hökuməti buraxılışı təsdiqləyib və qeyd edib ki, raket qeyri-adi trayektoriya üzrə uçmuş ola bilər.
Şimali Koreyanın ballistik raketlərin hazırlanması və buraxılması BMT tərəfindən qadağan edilsə də, Pxenyan müxtəlif diapazonlu silah proqramlarını inkişaf etdirməyə davam edir. Ölkə mart ayında ABŞ və Cənubi Koreyanı “təhlükəli və təxribatçı” hərbi təlimlərdə ittiham edərək oxşar sınaqlar keçirib.
Bundan əvvəl ABŞ və müttəfiqlərinin kəşfiyyat agentlikləri, eləcə də müstəqil tədqiqatçılar Şimali Koreyanın Rusiyaya qısa mənzilli raketlər verdiyini və sonradan Ukraynaya qarşı müharibədə istifadə etdiyi barədə məlumat vermişdilər.
KXDR-in müharibədə iştirakı
UNİAN-ın xəbərinə görə, Moskva və Pxenyan yayda tərəflərdən birinə hücum zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıblar.
Tezliklə Ukrayna Rusiya ərazisində Şimali Koreya əsgərlərinin olduğunu aşkarladığını bildirib. Bunu sonradan Cənubi Koreya kəşfiyyatı və Amerika Birləşmiş Ştatları da təsdiqləyib.
KXDR-dən olan əsgərlər Kursk vilayətində Ukrayna qoşunlarına qarşı döyüşlərdə fəal iştirak ediblər, lakin Moskva bunu rəsmən etiraf etməyib. Bu yaxınlarda hər iki tərəf öz əsgərlərinin Rusiya ərazisində birgə döyüşdüyünü bəyan edib.
Pxenyan öz qoşunlarının Kim Çen Inın əmri ilə müharibədə iştirakını rəsmən təsdiqləyərək, onların “qəhrəmanlıqlarını” bəyan edib. Kreml rəhbəri Putin isə ona hərbi yardıma görə təşəkkür edib.
E.ŞİRİNOV