SITA sərnişinlərə xidmət, baqajın emalı və hava limanı əməliyyatlarının idarə olunması üçün texnoloji həllər təqdim edən Collins Aerospace Airport Solutions-u satın almaq barədə razılığa gəlib. Şirkətdən tezadlar.az-a bildirilib ki, bu addım şirkətin hava nəqliyyatı sahəsində əməliyyatların daha fasiləsiz və dayanıqlı təşkilinə dəstək imkanlarını genişləndirəcək. Collins Aerospace Airport Solutions sərnişinlərin və baqajın terminal daxilində hərəkətini təmin edən texnologiyalar və əməliyyat təcrübəsi təqdim edir. Şirkətin həlləri qeydiyyat və özünəxidmət məntəqələrindən baqajın təhvil verilməsinədək müxtəlif mərhələləri, həmçinin hava limanlarının fəaliyyətində həlledici rol oynayan sistemləri əhatə edir. Zəruri tənzimləyici icazələrin alınması da daxil olmaqla, bu cür sövdələşmələr üçün nəzərdə tutulan şərtlər yerinə yetirildikdən sonra satınalmanın 2027-ci ilin birinci yarısında tamamlanması gözlənilir.
SITA-nın baş icraçı direktoru David Lavorel bildirib: “Hava nəqliyyatı inkişaf edir, gözləntilər də artır. Səyahətin bütün mərhələlərini bir-biri ilə əlaqələndirmək üçün texnologiyanın, innovasiyanın və insanların birgə fəaliyyəti sahəmizdə getdikcə daha çox əhəmiyyət qazanır. Bu, əməliyyatlarda fasilələrin qarşısını almağa, baş verdikdə isə onları tez aradan qaldırmağa imkan verir. Bu satınalma SITA-nın təklif etdiyi həlləri və imkanlarını genişləndirir, müştərilərimizin güvəndiyi etibarlı texnologiya tərəfdaşı kimi rolumuzu və öhdəliyimizi möhkəmləndirir”.
SITA və Collins Aerospace Airport Solutions-un imkanlarının birləşdirilməsi bütün müştərilərə göstərilən dəstəyi gücləndirəcək, sərnişinlərə xidmətin, baqajın emalının və hava limanlarında digər əməliyyatların təkmilləşdirilməsinə töhfə verəcək.






