21 Noyabr 2025 / 15:40

Süni intellekt jurnalistləri peşə fəaliyyətində dolaşıqlığa salır və…

“Süni intellekt jurnalistikanın əsas prinsiplərindən biri olan faktların yoxlanılmasına əməl edilməsini çətinləşdirir”. Tezadlar.az xəbər verir ki, “Press TV”nin (İran) jurnalisti və beynəlxalq əlaqələr departamentinin direktoru Elham Abedini Bakıda keçirilən D-8 Media Forumunun panel müzakirəsində belə deyib. Onun sözlərinə görə, süni intellektin tətbiqinin əsas riskləri etik məsələlərlə bağlıdır. E.Abedini vurğulayıb ki, faktların yoxlanılması get-gedə daha çətin olur, çünki süni intellekt təkcə mətnləri deyil, həm də həqiqətə bənzəyən, lakin reallıqla heç bir əlaqəsi olmayan video və şəkillər də yarada bilir. “Jurnalistika həmişə əlavə səy tələb olunsa belə, faktlara əsaslanmağı tələb edir. Biz əslində mövcud olmayan xəbərləri dərc etmək və yaymaq riski ilə qarşılaşırıq. Məhz buna görə faktların yoxlanılması və saxta məlumatlarla mübarizə məsuliyyətli jurnalistikanın əsas vəzifələrinə çevrilir”, – o qeyd edib.

Bununla yanaşı, “Press TV” nümayəndəsinin sözlərinə görə, süni intellekt düzgün istifadə edildikdə redaksiyalara əhəmiyyətli dərəcədə kömək edə bilər: “Biz materialların tərcüməsi üçün süni intellektdən istifadə edirik. Bu da bütün dünyadan xəbərləri operativ şəkildə əldə etməyə və çoxsaylı tərcüməçilərdən asılılığı azaltmağa imkan verir”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!