…İnsan sivilizasiyasının gələcəyi bəlkə də Marsda deyil — Yer üzündə suyu qurtaran şəhərlərdə yazılır. XXI əsrdə ən böyük böhran artıq enerji yox, su böhranıdır. Dünyanın bir çox nəhəng şəhəri bu gün “su sıfır nöqtəsi” (Day Zero) adlanan həlledici mərhələyə yaxınlaşır.
Yəni kranda axan son damcıdan sonra həyatın dayanacağı o nöqtə.
Əfqanıstanın paytaxtı Kabil sürətlə susuzluğa qərq olur. Son on ildə şəhərin yeraltı su səviyyəsi 30 metrə yaxın enib. Əhalinin artması və nizamsız quyu qazıntıları nəticəsində hər il təxminən 44 milyon kubmetr artıq su çıxarılır.
Kabil artıq “ilk müasir şəhər kimi suyu tükənə bilər” xəbərdarlıqları ilə gündəmdədir. Bəzi məhəllələrdə kranlardan aylarla su gəlmir və minlərlə ailə köçməyə məcbur olur. Əgər vəziyyət belə davam etsə, şəhərin kütləvi şəkildə təxliyyəsi qaçılmaz görünür.
Mexiko — bataraq quruyan şəhər
Meksikanın paytaxtı həm yeraltına çökmə, həm də yeraltı suyun tükənməsi böhranı yaşayır. 20 milyon əhalinin yaşadığı bu meqapolisdə içməli suyun təxminən 40%-i itkiyə gedir, çünki boru sistemləri çox köhnədir.
Bəzi bölgələrdə torpaq ildə 30 sm batır, çünki su təbəqələri artıq bərpa olunmur. Mütəxəssislər xəbərdarlıq edir: əgər iqlim dəyişmələri və əhali artımı bu tempdə davam etsə, Mexico City bir gün “yaşanmaz şəhər” statusuna düşə bilər.
Bengaluru — Hindistanın “su startapı” böhranı
Bir vaxtlar “Hindistanın Silikon Vadisi” adlandırılan Bengaluru indi su tankerlərinin şəhərinə çevrilib. Çaylar quruyub, göllər çirklənib, yeraltı su isə təhlükəli dərəcədə azalıb. Kəndlərdən gətirilən su tankerləri şəhərin həyat damarına çevrilib. Əgər bu vəziyyət uzun çəkərsə, 13 milyonluq Bengalurunun bir hissəsinin təxliyyəsi gündəmə gələ bilər.
Pekin — tükənən imperiya suyu
Çinin paytaxtı illərdir su ilə mübarizə aparır. Adambaşına düşən su miqdarı dünya ortalamasının cəmi beşdə biri qədərdir.
Pekin hökuməti min kilometrlərlə uzanan boru xətləri ilə cənubdan su daşıyır. Amma iqlim dəyişməsi və urbanizasiya fonunda bu da dayanıqlı həll deyil. Əgər uzunmüddətli quraqlıq davam edərsə, Pekinin ətraf bölgələrdən köç alması qaçılmaz ola bilər.
Tehran — susuzluğun astanasında
2025-ci ilin noyabrında İran rəsmiləri etiraf etdi: Tehran iki həftəyə suyu tükədə bilər.
Şəhərin əsas anbarı Amir Kabir su anbarı hazırda tutumunun cəmi 8–9%-i səviyyəsindədir. Yağıntı normadan 40–50% az, istilər rekord səviyyədədir. Əhali hər gün təxminən 3 milyon kubmetr su istifadə edir, ancaq bərpa sürəti bunun yarısı qədərdir.
Rəsmilər artıq su paylama və məhdudlaşdırma rejimi tətbiqinə başlayıb, bəzi rayonlarda su kəsilmələri baş verir. Əgər yaxın aylarda ciddi yağış olmasa, Tehran müasir dövrün ilk böyük paytaxtı kimi məcburi təxliyyə təhlükəsi ilə üzləşə bilər.
İstanbul — tükənən barajların şəhəri
Türkiyənin ən böyük şəhəri son illərdə bir neçə dəfə su böhranına yaxınlaşıb. Yağıntıların azalması və sürətli urbanizasiya barajları boşaldır.
Hazırda vəziyyət tam təxliyyə səviyyəsində olmasa da, İstanbulun 2030-cu illərə qədər orta səviyyəli su riski daşıdığı bildirilir.
“XXI əsrin sonuna qədər hər üç şəhərdən biri içməli su qıtlığı ilə yaşayacaq.”
Bəlkə də gələcəkdə tarix kitablarında belə yazılacaq: “İlk köç dalğaları Marsa yox, Yerin quruyan şəhərlərindən başladı.”
NAZİM