Kənd təsərrüfatı istehsalçıları üçün mövcud vergi güzəştinin daha bir neçə il uzadılması təklif olunur.
***
Kənd təsərrüfatı məhsulları istehsalından əldə edilən gəlir və ya mənfəətin 10 faiz vergiyə cəlb olunması fermerlərin fəaliyyətini çətinləşdirə bilər.
Tezadlar.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, fermerlər gübrə, yanacaq, texnika, suvarma və işçi qüvvəsinə xeyli vəsait sərf edirlər. Bununla yanaşı, onlar istehsal etdikləri məhsulları vaxtında sata bilmirlər.
“Fermer gübrəyə, yanacağa, texnikaya, suvarmaya, işçi qüvvəsinə xeyli vəsait sərf edir. Məhsulunu vaxtında sata bilmir. Ona görə də vergidən azadolmanın daha bir neçə il uzadılmasını xahiş edirəm”, – deyə T.Rzayev vurğulayıb.
O, həmçinin kənd təsərrüfatı məhsullarının tədarükü, emalı və saxlanılması məsələsinə də diqqət çəkib. Deputatın sözlərinə görə, iqtisadiyyat üçün faydalı ola biləcək yun və gön-dəri məhsulları artıq tullantıya çevrilib. Fermerlərin bir çoxu isə becərdikləri tərəvəz, bostan və meyvə məhsullarını vaxtında sata bilmirlər.
T.Rzayev hesab edir ki, bu məhsulların tədarükü, emalı və saxlanılması dövlət tərəfindən təmin olunsa, büdcəyə xeyli gəlir gətirmək mümkün olar.







