Əfqan “Taliban” hərəkatı Rusiya Federasiyasında fəaliyyətinə qoyulan qadağanın dayandırılmasını mühüm addım hesab edir və Kabillə Moskva arasında tamhüquqlu diplomatik və iqtisadi əlaqələrin inkişafına ümid edir.
Tezadlar.az xəbər verir ki, bu barədə “Taliban” hökumətinin rəsmi nümayəndəsi Zəbihullah Mücahid TASS-a şərhində bildirib.
Zəbihullah Mücahid bu addımı çox vacib adlandırıb.
“Gələcəkdə Əfqanıstan və Rusiya iqtisadi və diplomatik sahədə mütləq yaxşı münasibətlər quracaqlar”, – o deyib.
Zabihullahın sözlərinə görə, “Rusiya prezidenti Vladimir Putin Əfqanıstanla bağlı düzgün siyasət aparır”.
“Taliban” nümayəndə heyətinin Rusiyaya mümkün səfəri ilə bağlı sualı cavablandırarkən, o, “qərarın hələ verilmədiyini”, lakin “yaxın vaxtlarda buna aydınlıq gələcəyini” deyib.
Bundan əvvəl Rusiya Ali Məhkəməsi baş prokurorun ölkədə “Taliban”ın fəaliyyətinə qoyulan qadağanın dayandırılması ilə bağlı inzibati iddiasını təmin edib. Qeyd olunur ki, qərar dərhal qanuni qüvvəyə minir.
Görüş bağlı qapılar arxasında keçirilib. Qərar 2024-cü ilin dekabrında qüvvəyə minən və terrorçular siyahısında olan təşkilatların fəaliyyətinə qadağaların müvəqqəti dayandırılmasına imkan verən hüquqi müddəa çərçivəsində ilk qərardır.
E.ŞİRİNOV