6 May 2026 / 11:44

Tanınmış hüquqşünas əmanətçilərə xəbərdarlıq etdi: “Pulunuzu…”-SON DƏQİQƏ

Bank əmanətlərinin ələ keçirilməsinə dair xeyli nümunələr var. “Təzadlar” hələ ötən il Beynəlxalq Bankdakı 10 min manatdan çox pulunun yoxa çıxarılmasından yazmışdı… Pensiyaçı-əmanətçi Hüseynli Rauf Murtuz oğlu redaksiyaya təqdim etdiyi şikayət ərizəsində yazırdı: “Mən, Bakı şəhəri, Qarabağ küç.8 ünvanında yaşayıram. Uzun illər illərdir pensiyamı kartla ABB Bankdan alıram. Mənə məlum idi ki, pensiya bank hesabıma nə pul mədaxil, nə də həmin bankın kartsız məxaric etmək mümkün olmur. Bunu nəzərə alaraq, ABB Bankı çox etibarlı bank hesab edərək, 10.11.2023-ci il tarixində Azərbaycan Beynəlxalq Bankın Gənclik filialında debet kart üçün bank hesabı açmışam. (Həmin Bank hesabın №AZ52İBAZ33881019441875133206). Hesab açıldıqdan sonra mənə dedilər ki, kartı üç gün sonra 14.11.2023-ci il tarixində, saat 14-00-dən sonra ala bilərəm. Mən bir gün sonra 13.11.2023-ci il tarixində həmin Bank hesabıma 11000 AZN məbləğində pul vəsaiti yerləşdirdim, saat 12-00 radələrində (Həmin yerləşdirdiyim məbləğin mədaxil qəbzin surəti tələb olunan zaman təqdim oluna bilər). Hələ bank kartımı sabahısı gün, saat 14-00 dan sonra aldığıma baxmayaraq, saat 15-00 (pul məbləğini yerləşdirdikdən cəmi 3 saat sonra) mənə Bankdan SMS gəldi ki, kartımın «OTP» kodu filandır… Mən hələ mesajdakı koda baxmamış, dərhal üstündən 2-i dəqiqə sonra SMS gəldi ki, mənim hesabımdan 10500 AZN pul məbləği çıxıb və 2-i dəqiqədən sonra yenə SMS gəldi ki, mənim hesabımdan daha 450 AZN pul məbləği çıxarıldı və hesabımın balansında 50 AZN pul qalıb. Yəni, ay hərif – evə piyada getmiyəsən. (Həmin Bankın mənə göndərdiyi SMS-lərin telefonumdan Scrin-shot surətləri bu ərizəyə əlavə olunur). Həmin SMS-lərin vaxt müddətlərinə diqqətlə baxsaq, görmək olar ki, bütün SMS-lər 4-5 dəqiqə arasında göndərilib. Aydın olur ki, bu vaxt müddətində mən heç kəsə, heç bir məlumat göndərə bilmərəm və göndərməmişəm də. Mən heç bu vaxta kimi, o göndərilən «OTP»-lərin nə üçün olduğunu da anlaya bilmirəm. Bu faciə məsələni bilənlərin hamısı, hətta bu işə baxan polis işçiləri, təcüblənirlər ki, necə mən o vəziyyətdə infarkt olmamışam. Dərhal, tənginəfəs və tər içində özümü Banka çatdırdım. Çətinliklərlə və uzun müddətdən sonra kart hesabımı bloka salmağa nail oldum. Baş verənlər barədə Bankın rəhbərliyinə rəsmi Ərizə yazdım və həmin sənəd qeydiyyata alındı. Sabahı gün 14.11.2023-cü il tarixində, həmin gün saat 14-00 dan sonra debet kartımı almalı idim, AR Milli Banka gəlib, baş verən hadisə barəsində rəsmi Ərizə təqdim etdim. (Həmin Ərizənin surəti sənədlərə əlavə oluna bilər). Mənə məsləhət gördülər, bu məsələ ilə bağlı Polis İdarəsinə müraciət edim və 20.11.2023 ci il tarixində mən bu məsələ ilə Baki şəhəri, Nərimanov rayon Polis İdarəsinə rəsmi ərizə ilə müraciət etdim… Ancaq Elnur Məmmədov Saatlı rayon Polis Şöbəsinə rəis vəzifəsinə keçdikdən sonra, məlum olmuşdur ki, 21.04.2024-ci il tarixində, yəni 3 ay bu təyinatdan əvvəl və məni azdırmaq məqsədi ilə və ABB-nin xeyrinə, istintaq edilən 240066025 nömrəli cinayət işinin bu QƏRARI-nı qəbul etmişdir: “…cinayət törətmiş şəxs müəyyən edilmədiyinə görə işin icraatı əməli törətmiş şəxs müəyyən edilənədək dayandırılmalıdır”.
Xatırladırıq ki, bu araşdırma hələ də davam edir…
***
Tanınmış hüquqşünas-vəkil Əkrəm Həsənov da əmanətlərin təhlükəsizliyi ilə bağlı maraqlı status paylaşıb. Sitat: “BANK ƏMANƏTÇİLƏRİNİN NƏZƏRİNƏ! (ehtiyatlı olun: bank əmanətinizi mənimsəyə bilər! elə bank hesablarında olan digər pullarınızı da!). İcraatımda bir iş var. Hələlik yalnız birinci instansiya məhkəməsi bitib. Amma məsələnin əhəmiyyətini nəzərə alaraq bank əmanətçilərini xəbərdar etməyi özümə borc bilirəm. Deməli, 2009-cü ildə “Turanbank”a əmanət qoymuş əmanətçi 2012-ci ildə vəfat edib. Vərəsəsi illər sonra sənədlər arasında bu bankla əmanət müqaviləsini və rayonda torpaq sahəsinə çıxarış tapıb. Torpağı asanlıqla adına rəsmiləşdirdi. Amma əmanəti bank qaytarmadı. Bank vərəsəlik işini aparan notariusa yazdı ki, əmanətçinin hesabı 2021-ci ildə bağlanıb. Təəccüblüdür: 2012-ci ildə vəfat etmiş şəxsin hesabı niyə 9 il sonra bağlanıb? Əmanəti 2021-ci ildə kim çıxarıb? Üz tutduq məhkəməyə. Məhkəmədə bank dedi ki, guya əmanətçi 2010-cu ildə əmanətini çıxarıb. Sual verdik ki, bəs, yaxşı, hesabı onda niyə 2021-ci ildə bağlamısız? Cavab ala bilmədik. Tələb etdik ki, əmanətçinin əmanəti çıxarması haqda kassa sənədini (məxaric orderini) təqdim etsinlər. Bank dedi ki, 2016-cı ildə əmanətçiyə dair sənədləri məhv edib (bəs hesabı onda niyə və nəyə əsasən 2021-ci ildə bağlayıb?), çünki Mərkəzi Bankın arxiv işinə dair Təlimatında sənədlərin saxlanmasının minimal müddəti 5 ildir. Halbuki, həmin Təlimatın müştərilərə aidiyyəiti yoxdur: Mərkəzi Bankın müəyyən etdiyi müddətin mənası odur ki, o, bankları yoxlayanda azı 5 il ərzində həmin sənədlər onlarda olmalıdır. Buna görə də Mərkəzi Bank demir ki, sənədləri 5 ildən sonra məhv et, deyir ki, MƏNİM ÜÇÜN azı 5 il saxla. Amma bankın müştərisi qarşısında əmanət öhdəliyi varsa, bank deyə bilməz ki, pulu çıxarmısan, amma kassa sənədini 5 il ötdüyü üçün məhv etmişəm. Əks halda, onda bankdan kredit götürənlər də belə deyə bilər: krediti ödəmişəm, kassa sənədini isə məhv etmişəm. Xatırladıram ki, əmanət tələbi üzrə iddia müddəti yoxdur, yəni 100 il sonra da əmanətçi gəlib pulunu istəyə bilər. Lakin görünən odur ki, bizim banklarımız İsveçrə bankları kimi etibarlı deyil.
 Nə isə, dedik ki, yaxşı, heç olmasa sənədlərin məhv edilməsi haqda aktı göstərin. Gətirdilər. Aktda əmanətçinin adı yox idi: “optovoy” siyahıdır – nə bilim, bu qədər filan sənəddən, bu qədər də filan sənəddən məhv etdik. Heç bir müştərinin adı yoxdur. Soruşduq ki, indi necə əmin olaq ki, bizim sənədi də məhv etmisiz? Yeri gəlmişkən, bankın istinad etdiyi Mərkəzi Bankın Təlimatına əsasən belə “optovoy” siyahı olmamalı idi. Dedik ki, yaxşı, bəs hesabımızın 2021-ci ildə bağlanmasına dair sənəd gətirin, ona dair axı 5 il ötməyib ki! Amma gətirmədilər. O da yoxdur!
Əvəzində bank dedi ki, onun yüksək səviyyəli proqram təminatı var, orada bütün məlumatlar var və ona sonradan düzəliş də etmək mümkün deyil, gəlin baxın. Hakimlə bərabər yerində baxışa getdik görək ki, bu nə proqram təminatıdır axı. Yerində məlum oldu ki, bank bu proqram təminatından cəmi 3 ildir ki, istifadə edir, yəni 2009-2010-cu illərdə bu sistemi yox idi. Deməli, indi ora istədiyi məlumatı daxil edə bilər. Amma bank həmin sistemdən əmanətçi tərəfindən əmanətin çıxarılması barədə kassa məxaric orderini də çap edib məhkəməyə təqdim etdi. Ondan da məlum oldu ki, bu sənəddə nə bank işçilərinin, nə də əmanətçini imzası da yoxdur, möhür-ştamp da yoxdur. Sadəcə blankdır, vəssalam! Yeri gəlmişkən, faizlərin ödənilməsinə dair isə bank ümumiyyətlə heç bir sübut təqdim etmədi! Bütün bunlara baxmayaraq, məhkəmə iddiamızı rədd etdi. Hakimin arqumentlərindən bəzi inciləri bölüşəcəyəm aşağıda (amma bu mövzunu gələcəkdə daha ətraflı işıqlandıracağam onsuz da). Lakin əsas odur ki, bu qətnamə qüvvədə qalsa, nəinki bank əmanətləri, bank hesablarında olan istənilən pula təminat yoxdur. Heç 5 il məsələsi də önəmli deyil. Çünki məhkəmənin mövqeyi budur ki, bankın hər sözünə, xüsusilə özünü tərtib etdiyi hesabdan çıxarışa, proqram təminatına və s. tam etibar etmək olar. Yəni bank həmişə haqlıdır: krediti tələb edəndə də, əmanətçi ondan pulunu tələb edəndə də. Odur ki, ehtiyatlı olun, bank müştəriləri, siz həmişə haqsız tərəfsiniz…
Vallah, hüquqşünas kimi heç məsləhət də verə bilmirəm ki, özünüzü belə haqsızlıqdan necə qoruya biləsiniz. Çünki sizin əlinizdə sənəd olsa, bankın sadəcə sözü (və ya bilmirəm nəyi – babal yuya bilmərəm) keçərlidir…
P.S. İndi isə qətnamənin üç maraqlı hissəsini bölüşürəm (qalanları gələn dəfəyə qalsın):
1. “Hazırkı işin halları baxımından cavabdeh öz etirazının əsası kimi istinad etdiyi hallara dair obyektiv baxımdan mümkün olacaq bütün müvafiq sübutları təqdim etmişdir ki, bu halda həmin sübutların təkzibi yükü iddiaçının üzərinə düşür.”
Yəni hakim deyir ki, bank əmanəti qaytardığını sübut etməli deyil, əmanətçi onu götürmədiyini sübut etməlidir. Banka borcu olanlara tövsiyəm: siz də bu fənddən istifadə edə bilərsiz – deyin ki, ay bank, sən sübut et ki, mən sənə krediti ödəməmişəm.
2. “Sübutların qiymətləndirilməsi prosesində məhkəmə onu da nəzərə alır ki, əgər həqiqətən iddiaçının dediyi kimi, əmanət hesabından əmanət məbləği çıxarılmasaydı bu halda müqavilə şərtlərinə əsasən müqavilə münasibətləri davam etdirilər və müvafiq olaraq sonrakı illər üzrə də əmanət hesabına faizlər hesablanmış olardı.”
Yəni hakim deyir ki, əmanət çıxarılmasaydı, bank üzərinə faizlər hesablayardı. Hesablamayıbsa, deməli, əmanət də yoxdur da. Başqa sözlə, hakim üçün bank məsum şəxsdir, onun əmanəti mənimsəməsi ehtimalı ümumiyyətlə mövcud ola bilməz! Bu arqumentdən də borclular istifadə edə bilər: deyin ki, sənə borcum olsaydı, mühasibat balansımda faizləri də göstərərdim, göstərməmişəm, deməli, borcum da yoxdur da…
3. “Bank sistem məlumatlarının, arxiv işinin təşkilinin şübhə altına alınması üçün hər hansı əsas müəyyən edilmir”.
Yəni bankın proqram təminatından nə çıxırsa, həqiqətdir. Arxiv işini yanlış apararaq sənədləri “optovoy” məhv edibsə, yəni “qardaşlıq məzarı”nda dəfn edibsə, nə olsun ki, şübhə altına almaq olmaz, günahdır…”.
Sitatın sonu!
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!