Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 May 2026 / 13:45

“Mir Şahinin çıxışı ayrıca ciddi ictimai qınaq mövzusudur…”

Deputat Günay Ağamalının uşaq pulunun verilməsi halında insanların “tənbəlləşəcəyi” ilə bağlı səsləndirdiyi fikirlər və ardınca Mir Şahinin bu məsələdə insanları aşağılamağa çalışan çıxışı cəmiyyətdə haqlı olaraq ciddi narazılıq yaradıb.
Bu gün sosial şəbəkələrdə cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar – müəllimlər, qazilər, tələbələr, valideynlər, ziyalılar, sənət adamları və sadə vətəndaşlar bu açıqlamalara çox sərt reaksiya verirlər. Çünki insanlar artıq sosial problemlərin məsxərəyə qoyulmasına dözmür. Sosial çətinliklər içərisində yaşayan insanları “tənbəl”, “hazıra öyrəşmiş” kimi təqdim etmək nə reallığa uyğundur, nə də vicdana.
Əvvəla, uşaq pulu dövlətin xalqa etdiyi “jest” deyil. Bu, sosial dövlət anlayışının bir hissəsidir. Uşağın qidalanması, təhsili, sağlamlığı, yaşayışı dövlətin birbaşa sosial məsuliyyətidir. BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuş hər bir dövlət uşaqların rifahı üçün sosial müdafiə tədbirləri görməyə borcludur.
Qeyd edim ki, ölkədə doğum səviyyəsinin ildən-ilə aşağı düşməsi artıq ciddi demoqrafik təhlükəyə çevrilməkdədir. Gənclər evlənməkdən çəkinir, ailə quranlar isə ağır iqtisadi yük səbəbindən bir və ya iki uşaqla kifayətlənirlər. Mənzil problemi, işsizlik, aşağı maaşlar, yüksək yaşayış xərcləri insanları uşaq böyütməkdən çəkindirir. Bunun fonunda minlərlə gəncin ölkəni tərk etməsi də vəziyyəti daha da ağırlaşdırır.
Bugünkü uşaqlar sabahın əsgərləri, mühəndisləri, müəllimləri, həkimləri və vətənin qoruyucularıdır. Əgər indiki demoqrafik tendensiya bu şəkildə davam edərsə, 10-15 ildən sonra Azərbaycan bir çox sahələrdə, xüsusilə hərbi xidmət sahəsində ciddi insan resursu problemi ilə üz-üzə qala bilər. Bu baxımdan dövlətin gələcəyini təmin edən əsas faktor insan kapitalıdır.
Belə bir həssas mövzuda deputatın xalqa yuxarıdan aşağı baxan mövqe nümayiş etdirməsi tamamilə yanlış və qəbuledilməzdir. Millət vəkili xalqın problemlərini anlamaq, onların hüquqlarını müdafiə etmək əvəzinə, sosial sıxıntı yaşayan ailələri dolayı şəkildə ittiham edirsə, bu, cəmiyyət tərəfindən haqlı olaraq etirazla qarşılanacaqdır.
Mir Şahinin çıxışı isə ayrıca ciddi ictimai qınaq mövzusudur.
 Jurnalist adını daşıyan bir şəxsin insanlara yuxarıdan aşağı baxması, sosial şəbəkələrdə etiraz edən vətəndaşları lağ obyektinə çevirməsi, söz oyunları ilə Azərbaycan xalqını, xüsusilə sosial-iqtisadi baxımdan zəif təbəqəni aşağılamağa çalışması jurnalist etikasına, peşə məsuliyyətinə və ictimai əxlaqa tamamilə ziddir.
Xalqın ağrısını, problemlərini və sosial tələblərini məsxərəyə qoymaq heç bir halda “mövqe” sayıla bilməz. Hakimiyyətə xoş görünmək naminə xalqı aşağılamaq isə nə peşəkarlıqdır, nə də ictimai məsuliyyət. Mir Şahin fikirləşirsə ki, bununla hakimiyyətə xidmət edir, onun bu çıxışından dolayı cəmiyyətdə yaranmış narazılıqların daha da dərinləşməsi sübut edir ki, onun bu hərəkəti hakimiyyətə “ayı xidməti”ndən başqa bir şey deyildir.
 Nəzərə almaq lazımdır ki, bu ölkənin ən ağır yükünü həmişə sadə xalq daşıyıb. Birinci və İkinci Qarabağ müharibəsində şəhid olanların, sağlamlığını itirənlərin böyük əksəriyyəti məhz kasıb və orta təbəqədən olan ailələrin övladları idi. Bu ailələrin sosial problemlərini aşağılamaq, onların dövlət dəstəyi tələblərini lağa qoymaq nə milli dəyərlərə, nə insanlığa, nə də vicdana sığır.
Bu səbəbdən də cəmiyyətin sərt reaksiyası tamamilə haqlıdır. İctimai nüfuza malik şəxslər xalqa qarşı təhqiramiz və alçaldıcı ritorikadan istifadə etdikdə bunun ictimai və hüquqi məsuliyyəti olmalıdır. Mir Şahin Ağayev bu məsələdə Azərbaycan xalqından üzr istəməli, aidiyyəti qurumlar isə bu cür cəmiyyəti təhqir edən çıxışlara münasibət bildirməlidirlər. Hesab edirəm ki, xalqın sosial problemlərini dilə gətirən insanları yox, həmin problemləri yaradan səbəbləri müzakirə etmək daha yaxşı olardı…
Taliyət Əliyev
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!