…Bakıda yollar AYNA tərəfindən elə xəttlənib ki, necə deyərlər, sağa baxırsan- DYP- nin qadağan nişanı, sola baxırsan- AYNA- nın parklaması, velosiped və BUS zolağı! Yaxşı, bəs sürücü neyləməlidir? Aptekin, dükan və restoranın… qarşısı bu zolaq və ya qadağanedici nişanlarla doldurulub. Həm sürücü çıxılmaz vəziyyətdədir, həm də həmin obyeklərin sahibi. Sonra cərimələr yağış kimi üstünə gəlir, sürücünün isə özünümüdafiə seçimi qalmır.
XXX
…Oftalmoloq Cavid Şahbazov da belə onun avtomobilinə yazılmış cəriməni tamamilə əsassız sayaraq ədalət tələb edir. Yazır: “…Bu paylaşımı bir məsələni diqqətə çatdırmaq üçün edirəm. Şəkildə də aydın göründüyü kimi, avtomobilimi restoranın qarşısında qısa müddətlik saxlamışdım və “vale” xidmətindən istifadə edirdim. Yəni, avtomobil nə nəzarətsiz qalmışdı, nə də uzun müddət qanunsuz şəkildə park edilmişdi – artıq vale tərəfindən götürülərək park yerinə aparılırdı. Buna baxmayaraq, mənə 80 manat cərimə və sürücülük vəsiqəmə 2 cərimə balı tətbiq olundu. Açığı, bu cür vəziyyətdə belə ağır cərimənin tətbiq olunmasını ədalətli hesab etmirəm. Qeyd etmək istəyirəm ki, həmin ərazidə qırıq xətt mövcuddur və avtomobillər məhz oradan dönərək qısa müddətlik saxlanılır və vale tərəfindən götürülür. Başqa cür dayanmaq və ya park etmək praktik olaraq mümkün deyil. Üstəlik, avtomobilin dayandığı yer ümumi yol hərəkətinə də maneə yaratmır. Həmin küçəni və restorana gələnlər bunu çox yaxşı bilirlər. Bu paylaşımın məqsədi yalnız mənim cəriməm deyil. Mən həm də Bakı sakini və sürücü kimi ümumi bir narazılığı səsləndirmək istəyirəm. Əksər sürücülər bu cür cərimə və qaydalardan ciddi narahatdır. Qaydaların bəzi hallarda həddindən artıq sərt, çevik olmayan və bəzən də ədalətsiz tətbiq olunduğu düşünülür. Məsələ təkcə cərimə deyil, ümumilikdə sistemin bu kimi hallarda daha çevik və vəziyyətə uyğun yanaşmasının vacib olduğunu düşünürəm. Belə hallarda vətəndaşın niyyəti və real vəziyyət nəzərə alınmalıdır. Ümid edirəm ki, aidiyyəti qurumlar bu kimi halları yenidən nəzərdən keçirər və daha ədalətli, balanslı qərarlar verilməsi üçün addımlar atılar…”.
Bəli, paytaxt yollarınınş necə deyərlər, başında dəlləklik etmə yarışı gedir… Yolların hamısı ya parkamadır, ya da dayanma- durmanı qadağan edən nişanlarla doldurulub… Bu cızıqdan qırağa çıxanı isə cərimə gözləyir- sərt, ədalətsiz cərimə!
A.Məmmədli