4 Noyabr 2025 / 15:36

Tbilisidə aksiyalara qoşulan azərbaycanlı jurnalist 275 min lari cərimələndi

Tbilisidə yaşayan azərbaycanlı jurnalist Əfqan Sadıqov aksiya zamanı mərkəzi yolu bağlamaqda ittiham olunaraq 275 000 lari məbləğində cərimə edilib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə məlumatı “Sosial Ədalət Mərkəzi” yayıb. Məlumata görə, Tbilisi Şəhər Məhkəməsi 2025-ci il oktyabrın 23-də Əfqan Sadıqovu inzibati qaydada təqsirli bilib və ona 14 günlük inzibati həbs cəzası təyin edib. Jurnalist 5 noyabr saat 19:20-də Marneulidəki müvəqqəti saxlama təcridxanasından azad olunacaq. Sosial Ədalət Mərkəzinin açıqlamasına əsasən, məhkəmə qərarından sonra bəlli olub ki, Əfqan Sadıqov eyni səbəbdən — yolun bağlanmasına görə — əlavə olaraq 55 dəfə, hər dəfə 5 000 lari olmaqla cərimələnib.

Bu cərimələr 2025-ci il 29 iyul–17 oktyabr tarixləri arasında Daxili İşlər Nazirliyi tərəfindən tətbiq olunub, lakin bu barədə Sadıqova həmin müddətdə heç bir məlumat verilməyib. Əfqan Sadıqov bundan əvvəl, 9 aylıq həbsdən sonra, 2025-ci il aprelin 17-də girov müqabilində azadlığa buraxılmışdı. Prokurorluq və məhkəmənin qərarına əsasən, ona ölkəni tərk etməyə icazə verilməyib.

 Sosial Ədalət Mərkəzi artıq bu cərimələrlə bağlı Tbilisi Şəhər Məhkəməsinə şikayət verdiyini açıqlayıb. Qurum qeyd edir ki, mövcud məhkəmə təcrübəsi fonunda işin obyektiv şəkildə qiymətləndirilməsi və insan hüquqlarına əsaslanan qərarın çıxarılması ehtimalı azdır.

Xatırladırıq ki, 275 min lari 172 min 628 manata bərabərdir.

A.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!