Tbilisidə də Qərbi Azərbaycanlıların problemləri çözüldü və…

Oxunma sayı: 448

Ötən gün Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”, “Qərbi Azərbaycan – Geri qayıtmaq hüququ: Ermənistandan zorla qovulmuş azərbaycanlılar üçün ədalətin təmin edilməsi” və “Azərbaycanda minalardan təmizləmə: prioritetlər və ehtiyaclar” mövzularına həsr olunmuş konfrans və panel görüşlər keçirilib. Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Belarus səfiri Lis Vasilyeviç, Türkmənistanın səfiri Dövlətmurat Seyitməmmədov, diplomatik korpusun nümayəndələri, ekspertlər, elm adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə Ağdaban faciəsinin 33-cü ildönümü qeyd olunub, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktları, xüsusən də 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada və Azərbaycanın digər bölgələrində törətdikləri vəhşiliklər barədə ətraflı məlumat verib. Beynəlxalq ictimaiyyətə müraciət edən diplomat bildirib ki, 31 Mart Azərbaycanlıların Soyqırımı beynəlxalq səviyyədə tanınmalı və ermənilərin törətdikləri vəhşiliklər beynəlxalq səviyyədə qınanılmalıdır. Onun sözlərinə görə, azərbaycanlılara qarşı törədilmiş cinayətlərin, qırğınların beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı kimi tanınması təkcə Azərbaycan üçün həlledici deyil. Bu, eyni zamanda, bu cür insanlıq əleyhinə olan cinayətlərin bir daha təkrarlanmaması baxımından mühüm əhəmiyyət kəsb edir. Diplomat çıxışında işğaldan azad olunan ərazilərdə davam edən mina hadisələrinə də toxunub. O, bir neçə gün öncə Ağdamda mina partlayışı nəticəsində ikisi uşaq olmaqla üç nəfərin ciddi xəsarət aldığını diqqətə çatdırıb. Bildirib ki, işğaldan azad edilmiş ərazilərdə müasir avadanlıqların tətbiqi ilə mina təmizlənməsi işləri davam etdirilir və bu istiqamətdə mühüm irəliləyişlər əldə olunub. Gürcü politoloq, tarix elmləri doktoru Badri Nackebia isə 31 Mart soyqırımı və digər faciələr barədə ətraflı məlumat verib. Bildirib ki, istər 107 il bundan əvvəl, istərsə də 1992-ci il fevralın 26-da Xocalıda törədilmiş cinayətlər beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı kimi tanınmalıdır. Sonra 31 Mart azərbaycanlıların soyqırımı haqqında sənədli film nümayiş etdirilib. Konfrans “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”, “Qərbi Azərbaycan – Geri qayıtmaq hüququ: Ermənistandan zorla qovulmuş azərbaycanlılar üçün ədalətin təmin edilməsi” və “Azərbaycanda minalardan təmizləmə: prioritetlər və ehtiyaclar” mövzularında panel iclaslarla işini davam etdirib.

Xəbəri paylaş

22 İyun