…Son günlər sosial mediada Təbrizlə bağlı müxtəlif xəbərlər yayılır. Bəziləri şəhərin bombardman edildiyini iddia edir, bəziləri isə hərbi obyektlərin vurulduğunu yazır. Mövcud məlumatları sakit və analitik şəkildə qiymətləndirmək lazımdır.
Hərbi analitiklərin fikrincə məsələ şəhərin özü ilə bağlı deyil. Problem daha çox Təbriz və onun ətrafında yerləşən hərbi infrastrukturdur.
İranın şimal-qərb bölgəsi ölkənin mühüm hərbi qovşaqlarından biridir. Bu regionda hərbi hava bazaları, logistika mərkəzləri və hava müdafiə sistemləri yerləşir. İran ordusu İraq və Suriya istiqamətindəki bir çox əməliyyatlarını məhz bu bölgədən koordinasiya edir.
Digər tərəfdən coğrafiya da mühüm rol oynayır. İranın qərb və şimal-qərb bölgələrindən buraxılan raketlər Yaxın Şərqdəki hədəflərə daha qısa trayektoriya ilə çata bilir. Bu isə həmin bölgəni hərbi baxımdan strateji əhəmiyyətli edir.
Müasir müharibələrdə isə əsas məqsəd şəhərləri dağıtmaq deyil. Əsas hədəf hərbi sistemləri zəiflətməkdir. Buna görə də zərbələr adətən radar stansiyalarına, hava müdafiə sistemlərinə və hərbi aerodromlara yönəlir. Hücum zamanı iki İran döyüş təyyarəsi (F-5 və F-4) hədəfə alınıb. Bu zərbənin məqsədi İran Hərbi Hava Qüvvələrinin fəaliyyətini zəiflətmək və hava müdafiəsini sarsıtmaqdir.
Bu səbəbdən Təbrizlə (+Kirmanshah) bağlı xəbərləri qiymətləndirərkən bir məqamı unutmamaq lazımdır. Hərbi planlaşdırmada məqsəd şəhərin özü deyil, həmin şəhərin ətrafında yerləşən hərbi infrastrukturdur.
Eyni zamanda bir məsələni də xüsusi qeyd etmək istəyirəm. ABŞ və İsraillə Azərbaycanın kifayət qədər yaxın və strateji münasibətləri mövcuddur. Bu münasibətlər regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin buna baxmayaraq Azərbaycan dövləti Güney Azərbaycanda yaşayan soydaşlarımızın həssaslığını da diqqətə almalıdır.
Təbriz Azərbaycan xalqı üçün sadəcə bir şəhər deyil. O, tarixi və mədəni baxımdan son dərəcə həssas bir məkandır. Bu səbəbdən rəsmi Bakı diplomatik kanallar vasitəsilə bu həssaslığı tərəfdaş ölkələrin diqqətinə çatdırmalıdır.
Bu müraciətlər həm Vaşinqtonla birbaşa kanallar vasitəsilə, həm də Türkiyə üzərindən aparılan diplomatik dialoq çərçivəsində edilə bilər.
Çünki regionda sabitlik yalnız hərbi əməliyyatlarla deyil, eyni zamanda həssas siyasi balansın qorunması ilə mümkündür.
Elbəyi Həsənli,
Sürix