“Təzadlar”ın arxivindən: qəzetlər necə və nədə oxunur?

Oxunma sayı: 38
Bu yazı 2019-cu ildə yayımlanıb. Bu günümüzlə səsləndiyindən Mark yadımıza saldı, biz də oxucuların diqqətinə çatdırırıq:
…Mətbuat Şurası neçə gün əvvəl qəzetlərin yayım problemlərinə həsr edilmiş müzakirə keçirib…
Rəvayətə görə, bir gün İran hökmdarı növbəti hücum zamanı hərbi gəmi kapitanına əmr edir ki, o tərəfə bir “salam” göndər, yəni bir mərmi at. On dəqiqə keçir, kapitan “salam” göndərmir. Hökmdar qəzəblənir və kapitanı çağırır yanına, soruşur ki, niyə top atılmadı? Kapitan deyir, şah sağ olsun, bunun 49 səbəbi var… Hökmdar təəccüblə soruşur ki, de görüm, nə səbəbdir elə 49 dənə? Kapitan başlayır saymağa: “Birincisi, barıtımız yoxdur…”. Şah dərhal əsəbləşir: “Zalım oğlu, o 48 səbəbin başına dəysin, barıt yoxdursa, daha o biriləri sadalamağa nə ehtiyac!”.
Gəldim mətləbə: qəzetlərin yayımında 49 səbəb var! Birincisi odur ki, qəzetlər elə yazmalıdır ki, oxucular onu özü axtarsın! Onda heç yaymağa bir o qədər də ehtiyac qalmayacaq…
Son iki ayda “Təzadlar”a 26 cavab məktubu gəlib: Ali Məhkəmədən, Baş Prokurorluqdan, Diaspor Komitəsindən, Bakı Apellyasiya Məhkəməsindən, Yasamal rayon Məhkəməsindən, Qaçqınkom-dan, Məhkəmə Hüquq Şurasından, FHN-dən, Neftçala Baytarlıq İdarəsindən, Goranboy rayon İH-dən, Tərtər İH-dən, Bərdə İH-dən, Gəncə İnzibati Məhkəmədən, DİN-dən, “Azərsu”dan və sair… Xırda dövlət idarələrini saymıram. Və çox maraqlıdır ki, bu cavabların hamısı tənqidi yazılara görə verilib. Deməli, yazıların hamısı obyektiv olub…
MŞ həm də monitorinqi köşklərdə yox, obyektiv olaraq oxucular arasında keçirsin. Məsələn, qəzet köşklərinin qarşısında dayanıb baxmaq olar ki, oxucu hansı qəzeti alır. Amma monitorinq keçirilən köşkün yeri və monitorinqin günü anonim saxlanılmalıdır…
XXX
Ötən gün işə avtobusla gedirdim, hərənin əlində bir telefon, tiktoklaşırdılar… Mən də tes edərək çantamdan “Təzadlar”ın son sayını çıxarıb nəzərdən keçirməyə başladım. Baxırdım ki, ətrafdakılar elə bil yuxudan ayılmışdılar, mənə qəribə baxırdılar… Manşetdə müsahimizin maraqlı çıxışı var idi, ətrafdakılar əyilib sağdan- soldan, qarşıdan baxırdılar. Birdən yaşlı bir qadın telefonu çantasına qoyub “Olar bu qəzetə baxım?!” deyərək mənə tərəf əyildi. Çantamda 3 qəzet var idi, “Ədəbiyyat”, “525” və “Təzadlar”, hərəsindən birini xanıma verdim. Təsəvvür edirsiz, digər iki nəfər- kişi və qadın da məndən əlavə qəzet istədilər, dedim, daha yoxdur, buyurun, əlimdəki “Təzadlar”ı verə bilərəm. İş yetinə çatanadək bəlkə on adam acgözlüklə qəzetə baxırdı… Bəli, insanların mobil telefondakı tiktok- dan doyan vaxtı da olur. Amma biz gələcəyimizin arxivi olan qəzetlərə oxucu münasibətini dəyişməliyik. Sağ olsun, dövlət baba- MEDİA Agentliyi hər ay mediaya təxminən 200 min manata yaxın pul xərcləyir, bəlkə də çox. Amma qəzetlər elə yazmalıdır ki, əvvəl dediyim kimi, oxucu əlini telefondan çəkib ağlı və hissiyatı ilə qəzet oxusun! Düşünmək vaxtıdır. Mark bir barmağı ilə istənilən vaxt arxivimizi məhv edə bilir, qəzet isə pozulmaz arxivdir! Amma o arxivə layiqli yazılar daxil edilmə şərti ilə…
Asif MƏRZİLİ
Xəbəri paylaş

17 Aprel