Əsas məzmuna keç

TikTok qalmaqalı: Təhdidlərə görə tələbə universitetdən qovuldu

“Bu gün sosial şəbəkələrdə, xüsusilə, TikTok platformasında yayılan video Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi tərəfindən araşdırılıb”.

Bu barədə Tezadlar.az -a ADMİU-nun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən videoda yer alan şəxslər bacı və qardaşdır:

“Bildiririk ki, videoda görünən qız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almır və işləmir. Onun qardaşı isə – Kənan Zindadil universitetin Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru ixtisası üzrə II tədris ilinin tələbəsidir.

Yaranmış problemin həlli ilə əlaqədar təcili olaraq ADMİU-nun İntizam komissiyasının iclası keçirilib.

Ali təhsil müəssisəsi ilə təhsil alacaq təhsilalan arasında bağlanan Fərdi müqavilənin 2.3.3. bəndini,“Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təhsilalanların Universitetdaxili nizam-intizam Qaydaları”nın 5.4. bəndini (a) Universitet əməkdaşları və təhsilalanlara hədə-qorxu gəldikdə), əsas götürərərək Kənan Zindadilin ADMİU-dan xaric edilməsi barədə qərar qəbul edib. Qərar rektor tərəfindən əmrləşdirilərək qüvvəyə minib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bir daha bildirir ki, tələbələrin hüquq və mənafelərinin qorunmasına xüsusi həssaslıqla yanaşır, onların özlərini rahat və təhlükəsiz hiss etdikləri təhsil mühitinin formalaşdırılması istiqamətində zəruri tədbirləri həyata keçirir”.

***

15:26

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birinci kurs tələbələrini təhdid edənlərlə bağlı tədbir görülüb.

DİN-in mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli Tezadlar.az -a bildirib ki, polis əməkdaşları tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb:

“Sosial şəbəkədə yayılan görüntülərdə adı keçən şəxslər Yasamal rayon Polis İdarəsinə dəvət olunub. Onlarla profilaktik söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib. Həmçinin gələcəkdə bu kimi hallara yol verməmələri barədə xəbərdarlıq olunub”.

***
13:35

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birinci kurs tələbələri Sosial şəbəkələrdə təhqir olunublar.

Tezadlar.az xəbər verir ki, tiktokda “leylakenan” adlı səhifədə canlı yayım zamanı sözügedən universitetin birinci kurs tələbələri barəsində alçaldıcı ifadələr səsləndirilib.

Canlı yayımda danışan şəxslər hətta həmin tələbələrə xəsarət yetirəcəklərini də deyiblər. Onlar əvvəlki illərdə də ADMİU-nun birinci kurs tələbələrinə xəsarət yetirdiklərini açıqlayıblar.

Məsələ ilə bağlı DİN mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli hadisədən məlumatlı olduqlarını və araşdırma aparıldığını deyib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…