ABŞ prezidenti Donald Tramp hazırda İrana qarşı yeni bir hərbi əməliyyatın zəruri olduğuna inanmadığını bildirib.
Tezadlar.az xəbər verir ki, Prezident Tramp Ağ Evin brifinq otağında keçirilən mətbuat konfransında cari məsələlərlə bağlı sualları cavablandırıb.
ABŞ prezidenti deyib: “Hərbi əməliyyat hazırda zəruri görünmür, amma biz bütün mümkün hallara hazırıq”.
İranla müharibənin sona yaxınlaşdığını bildirən Tramp deyib: “Bu münaqişənin sonuna doğru irəliləyiş görürük. Düşünürəm ki, bu, tezliklə başa çatacaq”.
ABŞ prezidenti İsrail və Yaxın Şərqin “İran təhdidi”ndən qorunduğunu və İranın nüvə silahına sahib ola bilməyəcəyini bildirib, lakin əlavə edib ki, İranla danışıqlar yaxşı gedir və prosesin tezliklə başa çatacağına ümid edir.
“Heç nəyə zəmanət verə bilmərəm”
Digər tərəfdən, Tramp bir suala cavab olaraq bildirib ki, ABŞ yalnız mövcud status-kvonu qoruyur, lakin İran əks istiqamətdə addım atsa, lazımi tədbirləri görəcəklər.
Tramp əlavə edib: “Heç nəyə zəmanət verə bilmərəm, amma geri qayıtmalı olsaq, hər şeyə hazırıq. Lazım gələrsə, buna çox ciddi yanaşacağıq. Tam hazırıq. Başqa bir təyyarədaşıyan gəmimiz var. Hamısı yenidir və inanılmaz avadanlıqlarla doludur. Ümid edirəm ki, onlardan istifadə etmək məcburiyyətində qalmayacağıq.”
ABŞ-nin İranla razılığa gələ biləcəyinə ümid etdiyini deyən Tramp Tehranla danışıqların müsbət şəkildə davam etdiyini təkrarlayıb.
ELBAR







