Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tramp şaddır: onun təşəbbüsü ilə yaradılan “Sülh Şurası”na bir sıra ölkələr qoşulmağa razılıq verib. Bu ölkələr arasında Belarus, Azərbaycan, Macarıstan, Ermənistan və İsrail də var. Tezadlar.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin “Sülh Şurası”na qoşulması ilə bağlı müvafiq sənədi imzalayıb. Lukaşenko bildirib ki, Belarus ABŞ-ın təklifini qəbul etməyə və şuranın təsisçi üzvü olmağa hazırdır. “Reuters”in məlumatına görə, jurnalistlərin “Sülh Şurası”na üzvlük şərtləri və bir milyard dollarlıq üzvlük haqqı ilə bağlı sualına cavab verən Lukaşenko bildirib ki, ilkin mərhələdə ödəniş tələb olunmur. Onun sözlərinə görə, təsisçi üzvlər ilk üç il ərzində heç bir maliyyə öhdəliyi olmadan şuranın fəaliyyətində iştirak edə bilərlər. Lukaşenko əlavə edib ki, üç ildən sonra fəaliyyətin davam etdirilməsi üçün bir milyard dollar ödəniş nəzərdə tutulur. Bununla belə, o vurğulayıb ki, əgər üzv ölkə sülhün təmin olunması istiqamətində effektiv fəaliyyət göstərərsə, ödənişdən azad edilə bilər. İsrailin baş naziri Benyamin Netanyahu da Donald Trampın dəvətini qəbul etdiyini və “Sülh Şurası”na qoşulacağını bəyan edib. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada isə bildirilib ki, Azərbaycan ABŞ prezidenti Donald Trampın “Sülh Şurası”na qoşulmaqla bağlı dəvətini qəbul edib. Macarıstanın baş naziri Viktor Orban da ABŞ prezidentinin dəvətini təsdiqləyərək bildirib ki, ölkəsi “Sülh Şurası”na təsisçi üzv statusu ilə qoşulacaq. Onun sözlərinə görə, bu dəvət Macarıstan üçün böyük şərəfdir.
Mediada yayılan məlumatlara əsasən, Donald Trampın təşəbbüsünə Argentina, Qazaxıstan, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri və Vyetnam da dəstək verib.