14 Avqust 2025 / 08:53

Tramp Zelenskinin Alyaskada danışıqları poza biləcəyindən qorxurdu

ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskinin avqustun 15-də Rusiya Federasiyası və ABŞ-ın Alyaskada keçiriləcək sammitində iştirak edəcəyi təqdirdə Ukrayna nizamlanması üzrə danışıqları ilkin mərhələdə poza biləcəyindən narahatlığını ifadə edib.

Tezadlar.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” qəzeti yazıb.

Məlumata görə, Avropa rəsmiləri ilkin olaraq NATO-nun baş katibi Mark Rutte və Zelenskinin namizədliyini irəli sürməklə Alyaskada danışıqlarda Avropa və ya Kiyev nümayəndələrinin iştirakını təmin etməyə çalışıblar. Lakin avqustun 13-də Tramp və Almaniya kansleri Fridrix Merz arasında telefon danışığından sonra onlar bu tələbdən imtina ediblər, Amerika prezidenti isə Zelenskinin görüşdə iştirakının mümkün nəticələri ilə bağlı narahatlığını bildirib.

Rəsmilərin qəzetə verdiyi məlumata görə, Tramp Rusiya prezidenti Vladimir Putinlə danışıqların nəticələri barədə Kiyev rejiminin rəhbərini, daha sonra isə Avropa liderlərini məlumatlandırmağa razılaşıb.

“NBC News” öz növbəsində mənbələrə istinadən xəbər verir ki, ABŞ prezidenti Zelenski və müttəfiqlərinə cümə günü Putinlə “ərazilərin mümkün bölgüsü” məsələsini deyil, Ukraynada atəşkəs barədə müzakirə etmək niyyətində olduğunu bildirib.

Daha əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barrot aydınlaşdırmışdı ki, Tramp Avropa liderləri ilə videokonfransda Vaşinqtonun Kiyevə yardım göstərmək istəyənlərin koalisiyası tərəfindən hazırlanmış Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsinə töhfə vermək niyyətini açıqlayıb. Nazirin sözlərinə görə, Tramp Alyaskada Rusiya-ABŞ sammitindən sonra keçiriləcək görüşdə “ərazi məsələləri üzrə danışıqların yalnız Vladimir Zelenskinin iştirakı ilə aparılacağını” da bildirib.

Merzin təşəbbüsü ilə avqustun 13-də Ukrayna ilə bağlı bir sıra onlayn görüşlər baş tutub. Almaniya hökumətinin başçısı Trampla gələcək məsləhətləşmələrin ilkin müzakirəsi üçün əvvəlcə Ukraynanın ən yaxın avropalı müttəfiqləri ilə əlaqə saxlayıb. Sonra Amerika lideri və ABŞ-ın vitse-prezidenti C.D.Vens ilə telefon konfransı keçirilib. Bundan sonra Almaniya kansleri istəklilər koalisiyası çərçivəsində aparılan müzakirələrin nəticələrini müzakirə edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!