Prezident Donald Trampdan sonra ən güclü Respublikaçı prezidentliyə namizəd hesab edilən ABŞ-nin vitse-prezidenti J.D.Vens 2028-ci il Ağ Ev yarışı ilə bağlı təəccüblü bir açıqlama verib. Canlı yayımda 2028-ci il seçkilərində iştirak etməmək ehtimalı ilə bağlı suala Vens “Əlbəttə ki, namizəd olmayacağım ehtimalı var” cavabını verərək qapını açıq qoyub.
Tezadlar.az xəbər verir ki, o, Donald Trampdan sonra Ağ Evin təbii varisi hesab olunurdu. Lakin ABŞ-nin vitse-prezidenti J.D.Vens kamera qarşısında 2028-ci il prezidentlik yarışına qatılıb-qatılmayacağı ilə bağlı tərəddüd edib.
“Əlbəttə ki, bir ehtimal var. Yəni, dörd azyaşlı uşağımız var. Həyat yoldaşım heç vaxt siyasəti sevməyib. O, dövlət qulluğunu sevir”, – ABŞ-nin vitse-prezidenti – J.D.Vens deyib.
42 yaşlı Vens Trampdan sonra Respublikaçılar Partiyasının mübahisəsiz lideri hesab olunurdu. Vensin namizəd olmamaq ehtimalını açıq şəkildə bildirməsi Vaşinqtonun siyasi dairələrində geniş əks-səda doğurub. Siyasi karyeradan daha çox ailə balansına üstünlük verən Vens namizədlik qərarını 2026-cı il ara seçkilərindən sonraya təxirə saldığını açıqlayıb.
“Həyat və böyük qərarlar haqqında belə düşünürəm. Həyat yoldaşım da sizə bunu deyəcək. Mən təxirə salan biriyəm. Bu məsələ üzərində çox düşünməkdən nifrət edirəm. Və nə olacaqsa, budur: birincisi, buradakı bütün bu dəyərli insanlar Miçiqan ştatının senatoru Mayk Rocersi seçdikdən sonra, onlar bu barədə düşünmək məcburiyyətində qalmayacaqlar. Sonra mən həqiqətən qərar verməliyəm; amma bilirsiniz, hər şey ola bilər.”
Vensin açıq şəkildə “hə” cavabını verməməsi dövlət katibi Marko Rubionu və partiyadakı digər potensial namizədləri diqqət mərkəzinə gətirib. Siyasi analitiklər Vensin geri çəkilməsinin strateji olub-olmadığını və ya həqiqətən yarışdan çəkilmək niyyətində olub-olmadığını müzakirə etməyə başlayıblar.
ELBAR






