Tramp həmçinin etiraf edib ki, Putin “bütün yolu getmək istəyir”
ABŞ prezidenti Donald Tramp Ukraynaya əlavə silah tədarükünün mümkünlüyünü şərh edib.
Tezadlar.az xəbər verir ki, jurnalistlərin sualını cavablandıran Tramp ABŞ-ın Ukraynanı silah və sursatla, o cümlədən “Patriot” sistemləri ilə təmin etməkdə onunla əməkdaşlığı davam etdirəcəyini təsdiqləyib.
“Onların müdafiə üçün onlara (“Patriot”lara – RED.) ehtiyacı olacaq. Mən insanların öldürüldüyünü görmək istəmirəm… Onlara nəsə lazım olacaq, çünki onlara kifayət qədər ağır zərbə vurulur… Bəli, biz buna baxa bilərik”, – Tramp ABŞ-ın Ukraynaya əlavə sistemlər verib-verməyəcəyi ilə bağlı sualı cavablandırarkən vurğulayıb.
O qeyd edib ki, iyulun 4-də Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında bu mövzunu müzakirə edib.
“Biz onlara kömək etdik və kömək etməyə davam edəcəyik. Vəziyyət kifayət qədər çətindir. Sonra nə olacağını görəcəyik”, – Tramp bildirib.
O, Rusiya lideri Vladimir Putinlə telefon danışığından son dərəcə narazı olduğunu da xatırladıb.
“Deyəsən, o, bütün yolu gedib sadəcə insanları öldürmək istəyir. Bu, mənim xoşuma gəlmir”, – Tramp deyib.
E.ŞİRİNOV







