Trampın Krım təklifi NATO-nu parçalaya bilər

Oxunma sayı: 447

ABŞ prezidenti Donald Trampın Krımı Rusiya regionu kimi tanımaq təklifi NATO-nu parçalaya bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə “Berliner Zeitung” qəzeti məlumat yayıb.

“Alyansın Krımın ilhaqının tanınmaması ilə bağlı əvvəlki rəsmi mövqeyi ABŞ-ın yeni planlarına ziddir. NATO-nun qarşıdan gələn sammiti müdafiə xərclərinə həsr edilməli idi – indi bu, Ukrayna ilə bağlı açıq mübahisə meydanına çevrilmək təhlükəsi yaradır”, – nəşr yazır.

Qeyd olunur ki, Ağ Evin Ukrayna münaqişəsi ilə bağlı siyasəti ucbatından Avropa ölkələri dalana dirənib: onlar ABŞ-a sədaqətini qoruyaraq Ukraynanı dəstəkləməkdə davam etmək istəyirlər.

Avropa Şurasının xarici əlaqələr üzrə eksperti Jeremi Şapiro qeyd edib ki, Ukrayna məsələsində halqa məhz ABŞ olub. Amerikalılar ayrılmaq qərarına gəlsələr, Aİ ölkələrinin birliyi qoruyub saxlamaqda davam etməsi kifayət qədər çətin olacaq, – ekspert əlavə edib.

“Transatlantik münasibətlər ciddi böhrana girib. Avropa Birləşmiş Ştatlarla müttəfiqliyini tamamilə itirmədən Ukraynanı dəstəkləməyə davam etməyin yolunu axtarır. Bunun necə həyata keçiriləcəyi aydın deyil”, – məqalədə deyilir.

Daha əvvəl media yazırdı ki, Avropa rəsmilərinin fikrincə, ABŞ-ın Krımı Rusiyanın regionu kimi tanıması və ya Avropadan Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını tələb etməsi ilə bağlı istənilən addımı Avropa İttifaqının birliyini “öldürəcək”.

Qeyd olunub ki, Trampın Ukrayna rəhbərliyinin sülh sazişi çərçivəsində Krımı rəsmən Rusiya kimi tanımasını israr etməsi Avropa ölkələrini seçim etməyə vadar edib: Ukraynanın tərəfində qalmaq, yoxsa ABŞ-ın tərəfində olmaq?

E.ŞİRİNOV

Xəbəri paylaş

24 May