Təkanlar ən azı 30 saniyə ərzində hiss edilib
Türkiyənin qərbində 6,1 bal gücündə zəlzələ baş verib və İstanbul da daxil olmaqla bir çox bölgədə sakinlər tərəfindən hiss edilib.
Tezadlar.az bildirir ki, Türkiyə Fəlakət və Təcili Yardım Agentliyi (AFAD) bu barədə 27 oktyabrda məlumat verib.
Məlumatda deyilir: “Təkanlar İstanbulun qərbində saat 22:50-də (Bakı vaxtı ilə saat 23:50) ən azı 30 saniyə ərzində hiss edilib, çilçıraqlar yellənib və pəncərələr titrəyib. Yerli sakinlər arasında heç bir panika yoxdur”.
Agentliyin məlumatına görə, zəlzələnin episentri Balıkesir əyalətinin Sındırı kəndi yaxınlığında, dərinliyi təxminən altı kilometr olub.
Tədqiqatçılar həmçinin yeraltı təkanların intensivliyini qiymətləndirərək, hiposentr dərinliyinin təxminən 11 km, maqnitudasının isə bir qədər aşağı, təxminən 6 bal olduğunu qeyd ediblər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə hakimiyyətinin zəlzələdən sonrakı vəziyyəti diqqətlə izlədiyini bildirib. Türkiyə Səhiyyə Nazirliyi zəlzələnin hər hansı mənfi nəticələri barədə heç bir məlumat almadıqlarını bildirib.
E.ŞİRİNOV

