Rusiyanın Volqoqrad şəhərində pilotsuz uçuş aparatlarının hücumundan sonra neft emalı zavodunda yanğın baş verdiyi bildirilir. Hadisədən sonra şəhərdə yanacaqdoldurma məntəqələrində avtomobil növbələrinin yarandığı barədə məlumatlar yayılıb.
Bu barədə Exilenova+ teleqram kanalı məlumat yayıb. Məlumata görə, hücum zamanı Rusiyanın “LUKOIL” şirkətinə məxsus Volqoqrad neft emalı zavodu hədəfə alınıb.
Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov pilotsuz uçuş aparatları ilə hücum edildiyini və şəhərin cənub sənaye zonasında yerləşən müəssisələrdən birində yanğınların baş verdiyini təsdiqləyib.
Hücumdan sonra yerli sakinlər yanacaqdoldurma məntəqələrində növbələrin yarandığını bildiriblər. Sosial şəbəkələrdə yanacaq doldurmaq üçün gözləyən avtomobillərin foto və videoları yayılıb.
Qeyd edək ki, Volqoqrad neft emalı zavodu Rusiyanın iri neft emalı müəssisələrindən biridir. 1957-ci ildən fəaliyyət göstərən zavodun illik emal gücü təxminən 14,8 milyon ton neft təşkil edir. Müəssisədə benzin, dizel və aviasiya yanacağı, mazut, neft koksu, bitum və baza yağları istehsal olunur. Zavod Rusiyanın cənub bölgələrinin neft məhsulları ilə təminatında mühüm rol oynayır.
Volqoqrad neft emalı zavodu Rusiyanın “LUKOIL” şirkətinin tərkibinə daxildir. Şirkətin təsisçisi və uzun illər rəhbəri olmuş Vahid Ələkbərov 1950-ci ildə Bakıda anadan olub. O, Azərbaycan əsilli rusiyalı iş adamıdır və LUKOIL-un yaradılmasında əsas rol oynayıb.
Ələkbərov 1993-cü ildən şirkətə rəhbərlik edib, 2022-ci ilin aprelində isə prezident vəzifəsindən istefa verib. Hazırda o, şirkətin ən böyük səhmdarıdır. Forbes-un son məlumatılna görə 76 yaşlı iş adamının şəxsi kapitalı 29,5 milyard ABŞ dollarıdır.







