Ukrayna və Qərb KİV-ləri (Financial Times, New York Times və Reuters) mənbələrə istinadən yazır ki, Ukrayna ABŞ prezident administrasiyası ilə təbii sərvətlərin hasilatı üzrə sazişin şərtlərini razılaşdırıb.
TEZADLAR.AZ xəbər verir ki, Ukrayna rəsmiləri “FT”-yə bildiriblər ki, Vaşinqton ən sərt tələblərindən, o cümlədən ABŞ-ın resurs istismarından əldə edilən potensial gəlirə 500 milyard dollarlıq hüququndan imtina etdikdən sonra Kiyev Ukraynanın neft və qaz da daxil olmaqla mineral ehtiyatlarının birgə işlənməsi ilə bağlı saziş imzalamağa razılaşıb.
24 fevral tarixli və “FT” tərəfindən görülən sazişin yekun variantı Ukraynanın neft və qaz da daxil olmaqla dövlət təbii ehtiyatlarının “gələcək monetizasiyasından” əldə olunan gəlirlərin 50%-ni ödəyəcəyi fondun yaradılmasını nəzərdə tutur. Bu fond Ukraynada müxtəlif layihələrə sərmayə qoyacaq.
Nəşr qeyd edir ki, fondun gəlirlərinə artıq Ukraynanın dövlət xəzinəsinə daxil olan vəsaitlər daxil deyil, yəni bu, Ukraynanın ən böyük qaz və neft istehsalçıları olan “Naftoqaz” və “Ukrnafta” şirkətlərinin fəaliyyətinə təsir etməyəcək.
Bununla belə, sənəddə Kiyevin əvvəlcə israr etdiyi ABŞ-ın təhlükəsizlik zəmanətlərindən bəhs edilmir. FT yazır ki, o, həmçinin bəzi vacib parametrlərin, o cümlədən ABŞ-ın fonddakı payının ölçüsü və “birgə mülkiyyət” şərtlərinin gələcək razılaşmalarla müəyyən ediləcəyini bildirib. FT mənbələri israr edir ki, Ukrayna saziş üçün daha əlverişli şərtlərlə danışıqlar apara bilib. Kiyev ümid edir ki, sənədin imzalanması Tramp administrasiyası ilə münasibətləri yaxşılaşdıracaq və ABŞ-ın uzunmüddətli təhlükəsizlik öhdəliklərinə yol açacaq.
Müqavilə layihəsində açıq-aşkar təhlükəsizlik təminatları olmasa da, “Reuters” mənbələri bildiriblər ki, mətndə Birləşmiş Ştatların Ukraynanın “azad, suveren və təhlükəsiz olmasını” istədiyi bildirilir. Başqa bir mənbəyə görə, Kiyev və Vaşinqton hələ də gələcək silah tədarükünü müzakirə edir.
Ukrayna rəsmiləri FT-yə bildiriblər ki, sövdələşmə yalnız “çərçivə sazişi” olacaq və fond yaradılana qədər “heç bir gəlir başqa əllərə keçməyəcək” və bu, potensial fərqləri aradan qaldırmaq üçün vaxt verib. Həll olunmayan məsələlər arasında müqavilənin yurisdiksiyasına dair razılaşma da var.
Ukraynanın “Ekonomiçnaya Pravda”sı yazır ki, sazişin təsdiq olunmuş mətninə əsasən, Ukrayna və ABŞ fondu birgə idarə edəcək, lakin Vaşinqtonun Amerika qanunvericiliyi çərçivəsində qərar qəbul etmək səlahiyyəti olacaq.
Ukrayna və ABŞ-ın fondun birgə mülkiyyəti ölkələrin verdiyi töhfələrə – ödəmələrə görə hesablanacaq. Nəşr qeyd edir ki, ödəmələr ildə ən azı bir dəfə Ukrayna iqtisadiyyatına yenidən investisiya ediləcək. Sənədə həmçinin ABŞ və Ukraynanın qarşı tərəfin əvvəlcədən razılığı olmadan fonddakı səhmlərini sata və ya ötürə bilməyəcəyinə dair bənd əlavə edilib.
FT-yə görə, saziş artıq Ukraynanın ədliyyə, iqtisadiyyat və xarici işlər nazirlikləri tərəfindən təsdiqlənib, lakin Ukrayna prezidenti Vladimir Zelenskinin administrasiyası da parlamentin təsdiqinə ehtiyac duyacaq. NYT aydınlaşdırır ki, sənəd əvvəlcə Ukrayna və ABŞ-ın maliyyə nazirləri, sonra isə prezidentlər tərəfindən imzalanmalıdır.
Qeyd edək ki, Ağ Ev bu xəbərləri rəsmi şəkildə şərh etməyib, lakin Donald Tramp Vladimir Zelenskinin müqaviləni imzalamaq üçün fevralın 28-də Vaşinqtona gəlməyi planlaşdırdığını faktiki olaraq təsdiqləyib.
Belə ki, “Reuters”in məlumatına görə, Tramp jurnalistlərə deyib ki, o, Zelenskinin ABŞ-a səfər planları barədə “eşitmişəm”. “Onun bunu etmək istəməsinə qətiyyən etiraz etmirəm”…
Y.Məmmədli