UKRAYNADA STRATEJİ OBYEKTLƏR BOMBALANIB- BƏS BAKININ XƏTAİ RAYONUNDA NƏ BAŞ VERİB?!

Gəlirik mətləbə: Rusiya ilə Ukrayna arasında gedən müharibənin gedişi bütün dünyanın diqqət mərkəzində olduğu üçün bizim tərəfimizdən də  gündəlik  izlənilir… Və xəbərlərin xronikasından bəlli olur ki, Rusiyanın “İskəndər” , FAB kimi ağır raketləri ilə vurulan obyektlərlərdə yanğınlar  həmin gün  söndürülüb, komunikasiya sistemləri isə ertəsi gün bərpa olunub…  

XXX

 …Bakının Xətai rayonun ərazisindəki su xəttində qəza baş verib...  Artıq  4-cü gündür “bərpa işləri gedir”! Amma hələ də bərpa olunub qurtarmayıb. Bütün bayram günləri əhalinin böyük hissəsi susuz qalıb. Təbii ki, böyük narahatçılıq və qərginlik üzündən zəng vurub  səbəbini və suyun nə zaman veriləcəyini soruşursan, insafən xəttin başındakı qadın yorulmadan  minlərlə zənglərə dözüm və nəzakətlə cavab verir: “… təmir davam edir…”   Və  yenə də su yoxdur və dörd gündür eyni cavabı eşidirsən. İstər-istəməz düşünməli olursan- müharibə gedən ölkədə bir gündə həll edilən  problem bizdə niyə bu qədər müddətdə hələ də davam edir, bunun səbəbi nə ola bilər?! Bu nə ağırlıqda qəzadır, nə baş verib, olmaya Rusiyanın atdığı həmin bombalardan biri trayektoriyasını dəyişib və Xətai rayonunun ərazisinə düşüb? Yoox… bomba düşmüş olsa da nəticəsi  bir-iki günə həll olunardı, bu daha ciddi məsələyə oxşayir… Bizi kim vurub, nə ilə vurub?!… Su xəttində baş verən qəza yerinə. baxandan sonra başa düşürsən ki, bu qorxduğun hadisələrin heç biri baş verməyib, şükürlər olsun ki, bizim ərazimizi heç kim  bomba, filanla vurmayıb. Heç bayram və müqəddəs Ramazan günlərində müsəlmanları susuz qoymaq istəyən Yezid də gəlməyib. Sadəcə, rəhmətlik Əbrəhim bəy Haqverdiyevin dediyi kimi; “ darvazamızı fələk vurubdur… darvazamızı fələk vurubdur…”

AZƏRSUYUN XİDMƏT TƏRZİ BELƏYMİŞ! “Səviyyəsi” desək xətrlərinə dəyər, onlara baxma,  bayram günü xətrə dəymək olmaz!  

Yenə də Allaha min şükür ki, bomba filan olmayıb. Yoxsa… Rusiya-Ukrayna müharibəsinin sonuna qədər susuz qalardıq!

8 noyabr prospektində yaşayan sakinlər adından: Azər Süleymanov

Xəbəri paylaş

10 İyul