15 Oktyabr 2025 / 13:38

“Ülvi Aslanov müsahibəsində ölkənin İT və startap ekosistem tarixini təhrif edib – bu ədalətsizlik və… “

Təxminən 30 ildir ki, bu sektordayam. İKT-nin, rəqəmsallaşmanın, startap və innovasiya ekosisteminin son 30 illik tarixi gözümüzün önündə formalaşıb və biz də dostlarla, tərəfdaşlarla birlikdə bu tarixin yaradılmasında iştirak etmişik. Yaxşı günlər də olub, çətinliklər də.
Bu gün dostlar bir link göndəriblər mənə. Code Academy-in direktoru, dostumuz Ülvi Aslanovun müsahibəsidir. Baxıram ki, müsahibədə ölkənin İT və startap ekosistem tarixinin açıq-aşkar təhrif olunmasına yol verilir.
TEZADLAR.AZ xəbər verir ki,  bunu Multi-Media Mərkəzinin direktoru,  Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz  sosial media hesabında bildirib.
O vurğulayıb ki, Code Academy-in direktoru Ülvi Aslanov  indiki uğurlu şirkətini tam şəkildə öz şəxsi təşəbbüsü və məhsulu kimi təqdim edib.
Bəs Code Academy necə formalaşıb ?
“Amma belə olmaz axı, bu etik deyil. Bu, illərlə bu sektorda çalışan insanların, ekosistemi formalaşdıran dövlət və özəl sektorun, ilk startap icmasının əməyinə qarşı hörmətsizlikdir.
Axı bu prosesi, bu tarixi formalaşdıran, o illərin hadisələrini bilən çoxlu sayda insan var.
2012–2013-cü illərdə biz AİF olaraq, Multimedia Mərkəzi və müstəqil çalışan dostlarımızla birlikdə “Startap Azərbaycan” platformasını yaratdıq.
Bu təşəbbüs sonradan böyük bir hərəkat və milli ekosistemə çevrildi.
Məhz bu platforma ölkədə startap hərəkatının əsas təməlini qoydu və bu, birmənalı faktdır. Sektorda olanların əksəriyyəti də bunu bilir. O zaman bu platformanın ideyaları, konfransları və təqdim etdiyi təkliflər əsasında hökumətin dəstəyi ilə bir sıra layihələrə start verilmişdi.
Həmin layihələrdən biri də Yüksək Texnologiyalar Parkında həyata keçirilən “proqramlaşdırma kursları” layihəsi idi.
İndiki kimi yadımdadır: o dövrdə, o zamankı nazir Əli Abbasovun yanında olarkən, təkliflər siyahısını ona təqdim edərkən məhz startap layihələrə dəstək məqsədilə “proqramlaşdırma kurslarının təşkili” təklifini bəyənmişdi və görüşdə iştirak edən YTP rəhbərliyinə bu işi başlamağı tapşırdı, maliyyə ayıracağını bildirdi. Layihəyə dərhal start verildi və icrası da YTP-də çalışan Ülvi Aslanova tapşırıldı.
Bu çərçivədə kurikulumlar hazırlandı, təlimçilər və tərəfdaş şirkətlər cəlb olundu, çoxlu sayda gənc bu kursları bitirərək bilik və bacarıqlar qazandı.
Layihə bir neçə il davam etdi. Sonradan Ülvi Aslanov bu dövlət layihəsini kənarda, müstəqil şəkildə şirkət formasında davam etdirdi və uğurla da davam etdirdi.
Bu gün həmin şirkət — Code Academy artıq sektorda oturuşmuş, tanınmış bir brendə çevrilib. Bunun uğurlu davamı təbii ki, sevindiricidir.
Amma tarixi həqiqət də belədir:
Code Academy məhz Startap Azərbaycan platformasının təklifləri və konsepsiyası əsasında, hökumətin dəstəyi və dövlət maliyyəsi ilə reallaşmış bir layihə kimi yaranıb. Bu, birmənalı faktdır və bütün proseslər gözümün önündə baş verib.
Düşünürəm ki, Ülvi Aslanovun bu tarixi tam şəkildə öz şəxsi təşəbbüsü kimi təqdim etməsi, yumşaq desək, o dövrün ekosistemini formalaşdıran insanlara, dövlət-özəl əməkdaşlığa və ictimai təşəbbüslərə qarşı ədalətsizlik və hörmətsizlikdir.
Bu, sadəcə etik deyil!
Düşünürəm ki, ölkəmizdə sağlam ekosistem münasibətləri və etimad mühiti üçün tarixi proseslərin düzgün təqdim olunması vacibdir”, – deyə ekspert qeyd edib.
Y.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!