4 Noyabr 2025 / 13:06

“Ümum Türk dili alınmaz” deyənlərə cavab

 Yaxşı, sözüm “Ümum Türk dili alınmaz” deyənlərgvşk: necə olur ki, Dövlət dilimiz qılınc gücünə, baş kəsməklə, zorla Ərəb dili ola bilir, zorla fars dili ola bilir, zorla, silah gücünə Rus dili ola bilir… Ancaq eyni kökdən olub, yüz illərin ayrı oluşmasından fərqli dil kimi formalaşmış olsa da, həyati vacib ehtiyaclarına görə, Türklərin birliyi üçün, öz istəkləriylə ümum Türk dili ola bilmir? Niyə? Bəlkə ona görə ki, Ərəbin, Farsın, Rusun öz içində əritdiyi, assimilyasiya etdiyi ərəbbaş, farsbaş, rusbaş və sair baş… 5-ci kolonları aldıqlarınız yad tərbiyə üzündən, öz ağalarınızın tapşırığı ilə demək istədiklərinizi SSRİ vaxtı dediyiniz kimi, açıq deyə bilmirsiz…

Ağıllı türk aydınlarımız, artıq ikinci yüzillikdir ki, yadellilərin Qaba və Yumşaq gücləri əsarətində əzilən, assimilə olunan, parçalanmış, təriqətlərə bölünməklə içdən biri-birinə düşmən edilmiş, cəhalətlə geriliyə gömülmüş, öz kökündən uzaqlaşmaqda olan, pərakəndə, əlaqəsiz yaşayan türklərin öz varlıqlarını qorumaq, gücə çevrilmək, inkişaf etmək, birlik xəyallarını qurmuş, buna tarixi düşüncə kimi oluşacaq Turan Dövləti demişlər.

Bu düşüncənin reallaşması çətin olsa da, ancaq gərəkli olduğunu da bilirik. Türk birliyinin gərəkliliyini son iki yüzildə ilk dəfə, dövlət başçısı səviyyəsində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev 6 iyun 2024-cü il tarixdə Milli Məclisdə deyib. Sitat: ”Açıq demək istəyirəm, yəqinki aparılan siyasət də hər kəsə bunu aydın göstərir, bu bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu bizim ailəmizdir, bizim  başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır, bundan güclü birlik ola bilərmi, əlbəttə ki, yox”.

Dövlət başçısının göstərdiyi bu hədəf fikir böyüklərimizin arzuladığı, uğrunda bizim də çalışdığımız Turan-Türk Dövlətlər Birliyi olacaqdır. Təbii ki, bu dövlətlər birliyinin öz ümumi dili olmalıdır. Bu dil aşağıdakı qaydada yaradılmalı olan ümum Türk dili ola bilər.

Sayın professor N.Nəsiblinin təşkilatçılığı ilə  13.05.2024-cü il tarixdə oluşan “İkinci türkçülük çalışmalarında” araşdırılan “Dil məsələlərimiz” konusunda (mövzusunda) ümum Türk dilinin yaradılmasının gərəkliliyi vurğulandı. Konfrans iştirakçılarından biri, akademik Nizami Cəfərov bu  barədə çıxış edərək, təqribən belə bir fikir dedi: “Hər bir türk xalqı öz dilində danışacaq, heç biri öz dilini dəyişməyəcək”. O, dolayısıyla demək istədi ki, ümum Türk dilinin yaradılması mümkün deyil… Elə bil biz demişdik ki, türk xalqları öz dillərində yox, yalnız ümum Türk dilində danışacaq, axı belə şey olmayıb, heç olması da mümkün deyil, çünki bu dilin formalaşma reallıqlarına zidd olardı.

Biz, Turan xəyalını gerçəkləşdirmək istəyənlər elə varsal (zəngin) bir ümum Türk dili yaratmaq istəyirik ki, o dildə bütün türklərin sözü olmaqla işlək hala salınsın və gələcək nəsillərimiz də bu ortaq dili öyrənib rahat danışa bilsinlər. N.Cəfərov fikrini dedi və getdi, görünür işi vardı deyə konfransın axırına qalmadı, baxmayaraq qonu (mövzu) türk xalqlarının dil birliyinin qurulması kimi daha vacib, taleyüklü, gərəkli məsələydi. Məncə, kimsə sayıb gəldiyin toplantıdan gedirsə də, “Mənə kimin sualı var” deyib, veriləcək sualları yanıtlayıb-cavablandırıb getməli idi, bunsuz getmək doğru deyildi. Onun kimi bir neçə titullu da eyni qaydada getdi, əsl fikir adamları qaldı. Düzü, onun mövqei ilə bağlı cavabım içimdə qaldı, sormağa özünü tapmadım, sonrakı iki toplantımıza da gəlmədi deyə, mən də indi dilə gətirməli oldum, çünki qonu aydınlaşdırılması gərəkən məsələdir.

Eşitdiyimə görə, N.Cəfərovu Türk Dünyası Ortaq Əlifba Komissiyasına üzv ediblər. Gözəl, o, ən titullu dilçidir. Ancaq o, bizə dediyi məntiqlə “Mən uğuruna inanmadığım bir işin qulpundan yapışa bilmərəm”- deyib, özü üzvliyinə etiraz etməli idi, qəribədir ki, etməyib. İndi sual yaranır: belə çıxır ki, üzvü olduğu Komissiya ümum Türk əlifbasının, gələcəkdə isə onun məntiqi davamı olaraq ümum Türk dilinin yaradılması yönündə, Nizami müəllim isə, indilikdə ümum Türk əlifbasının yaradılması, gələcəkdə isə Ümumtürk dilinin yaradılmasının mümkün olmaması yönündə başqa nə deyə biləcək?

Ancaq bu necə olacaq bilmirəm. Bəlkə də Nizami müəllim fikrini başqa cür demək istəyib, yaxud mən onu yanlış anlamışam, ancaq yaranacaq bu cür sualları özü yanıtlamalı-cavablandırmalı idi, özü də ki, qalmadı getdi…

***

Araşdıranda gördüm akademik Nizami Cəfərov 12.09.2024-cü il tarixdə mətbuata müsahibəsində  ortaq ümum Türk əlifbasının yaradılması ilə bağlı belə deyib: “Burada söhbət ortaq türk dili yaratmaqdan getmir.”(?!). Mən də soruşuram, əgər məqsəd hamı üçün anlaşıqlı ümum Türk dilinin yaradılması deyilsə, onda dildə ifadə olunmayacaq ortaq əlifba yaratmaq kimə və nəyə gərəkdir, dilsiz əlifba necə səslənəcək, yalnız ortaq, dilsiz əlifba (?!) işimizə yarayacaqmı? Biz ümumi dilsiz fikrimizi bölüşə, inteqrasiya edə biləcəyikmi, əlbəttə ki, yox…».

Onda bəs Türk Dövlətlər Təşkilatının yaradılmasının məqsədi, hədəfi, sonucu nədir, bu liderlər vaxtaşırı yığışmaqla nə etmək istəyirlər? Türk Dövlətlər Birliyinin ümumi dili olmayacaqsa üzvləri, xalqları necə danışacaq, necə anlaşacaq, necə birlik yaradacaqlar, yenədəmi düşüncə əsarətində (yumşaq gücü altında) olduqları rus işğal dilində qonuşacaqlar? Axı, hörmətli akademikin “Burada söhbət ortaq türk dili yaratmaqdan getmir”- fikri, mövqeyi bu cür sadə suallara nəinki məntiqli cavab vermir, əksinə, bu yöndəki çalışmalara qarşıdır. Mən çox istərdim hörmətli akademik bu məsələlərə aydınlıq gətirsin, biz də bu intizardan qurtulaq.

Bəzilərinin xəbərin olsun deyə bildirirəm: artıq Turan Dövlətinin Anayasasının layihəsi də hazırdır, istəsəniz baxa bilərsiz -“Təzadlar” qəzeti, 15.09.2018-09.02.2021, 30(2171)-05(2290) saylarında və “Qanun” jurnalının 2020-ci il, 9-cu sayında çap olunub.

Türk Dünyası Ortaq Əlifba Komissiyasının, habelə hörmətli akademik və onun kimi düşünənlərin nəzərinə İkinci Türkçülük Çalışmalarında (dil məsələlərimiz) verdiyim təklifi təkrar sunuram, çünki bunsuz işimiz yarımçıq qalacaq: “Dil milli birliyin birinci şərtidir. Azərbaycan Dövlətinin dövlət dili “Azərbaycan Milli Şurasının Azərbaycanın dövlət müstəqilliyi haqqında” 1918-ci il 28 may tarixli Bəyənnaməsində, Azərbaycan Demokratik Respublikasının Müvəqqəti Hökuməti tərəfindən türk dilinin dövlət dili olaraq qəbul olunması haqqında 27 iyun 1918-ci il tarixli qərarında, “Azərbaycan Respublikası dövlət müstəqilliyini  bərpa etmək haqqında” Bəyənnaməsində, Azərbaycan Respublikasının Ali Sovetinin 30 avqust 1991-ci il tarixli Qərarında, “Azərbaycan Respublikasınnın dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr 1991-ci il tarixli Konstitusiya Aktında, 22 dekabr 1992-ci il tqrixli, 413 saylı “Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu”nda əks olunan prinsiplərə, əsaslara uyğun, ölkədə çoxluq təşkil edən, ölkə ərazisinin çoxu onun milli ərazisi olan və bu arealda tarixən faktiki ortaq ünsiyyət vasitəsi olaraq mövcud olan Türk millətinin dili – Türk dili olmalıdır. Əgər ölkə ərazisi, ölkədə yaşayan və ölkə ərazisi tərkibində onun milli əraziləri olan millətlərin birləşməsindən yaradılmışdırsa, onda bu millətlərin dilləri onların hamısının say çoxluğu sırası ilə I, II və sairə dövlət dili statusu daşıya bilərdi… Lakin bu hal Azərbaycan Respublikasına aid edilə bilməz, çünki  Azərbaycan Respublikasının ərazisi Türk milli ərazisində, Türk millətinin iradəsini əks etdirən yuxarıda sadalanan sənədlərdə oluşdurulmuş, sonradan bərpa edilmiş, indi də eynən adlandırılmalıdır. Bütünün (məqalənin) adında deyildiyi kimi, dil milli birliyin birinci şərtidir. Başqa sözlə, dil, fikir və əməl birliyi olmadan hər hansı birlik qurulmaz. Dil birliyini təmin etmənin reallıqdan irəli gələn faktiki və elmi əsasları vardır. Dil birliyini, həm də mümkün qədər  əhatəli, mənalı, məntiqli ədəbi dili formalaşdırmaq üçün həvəskar və özfəaliyyət qaydası yetərli deyil.

Ona görə də bu yöndə:

  1. Xüsusi Dövlət Proqramı qəbul edilməli;
  2. Xüsusi Dövlət Proqramını oluşduran peşəkar dilçilərdən, habelə həvəskarlardan Dövlət Türk Dil Komissiyasının İşçi Qrupu yaradılmalıdır.
  3. Dövlət Türk Dil Komissiyasının İşçi Qrupunun işini təşkil etmək üçün Dövlət Büdcəsindən gərəkən miqdarda pul ayrılmalıdır.
  4. DTDKİQ üzvləri hazırda mövcud olan söz ehtiyatlarımızdan Türk Dil Bankımızı yaratmalıdır.
  5. Türk Dil Bankımızı daha da zənginləşdirmək üçün yurdumuzun bütün bölgələrində, o cümlədən respublika ərazisindən kənarda bütün, o cümlədən arxaik və dialekt söz nümunələrini toplamaq üçün Dövlət Türk Dil Komissiyasının İşçi Qrupu üzvləri, bölgələrin sayı qədər yarımqruplara bölünərək, yerlərdə çalışmaqla görəvləndirilməlidir.

İşçi qrupunun işini asanlaşdırmaq, ona yardım edilməsi üçün Azərbaycan xalqına  və soydaşlarımıza müraciət edilməli, onların təqdim etdikləri söz nümunələri də qeydə alınmalıdır.

  1. Söz ehtiyatlarımızın toplanmasını bitmiş saydıqdan sonra Dövlət Türk Dil Komissiyasının İşçi Qrupu birgə qərar verməklə yeni, zənginləşmiş Azərbaycan Türk Dil Bankımızın yaradıldığını elan etməlidir.
  2. Dövlət Türk Dil Komissiyasının İşçi Qrupu eyni işin respublikamızdan kənar bütün Türk boylarında təşkil edilməsi üçün bütün Türk boylarına, onların dövlətlərinə, yerli inzibati və kompakt yaşam vahidlərinə müraciət etməlidir.
  3. Yalnız, bütün Türk boylarından toplanan söz ehtiyatlarımızın toplanmasını bitmiş və incələnmiş saydıqdan sonra, Türk Boylarının Dövlət Dil Komissiyalarının İşçi Qrupu birgə qərar verməklə yeni, bütün Türk boylarının söz ehtiyatlarını ehtiva edəcək, yaradılacaq Turan Dövlətinin dövlət dili funksyasını yerinə yetirə biləcək, daha dolğun, zənginləşmiş ümumtürk – Türk Dil Bankımızın yaradıldığını elan etməlidir.
  4. Türk Dil Bankı əsasında Türk millətinin vahid tədris, təlim, tərbiyə işlərinə başlanılması üçün dərsliklər çap edilməli, mətbuat, informasiya vasitələri, dövlət dili bu əsasa keçməlidir. Bu işi Türk dövlətləri birlikdə maliyyələşdirilməlidir.
  5. Turan Dövlətinin ədəbi dövlət dilinin formalaşdırılması üçün Türk Dil Bankından istifadə etməklə bütün Türk boylarında və birliklərində dövlət büdcəsindən maliyyələşdirilən orta, orta ixtisas və ali məktəblərdə, kollektivlərdə tədris, təlim, tərbiyə işlərinə başlanılmalıdır.
  6. Bu barədə Bildiriş, Birinci Türkçülük Çalışmaları iştirakçılarının adından, bütün Türk dövlətlərinin başçılarına, parlamentlərinə, hökumətlərinə, Türk dövlətlərinin parlament  və digər koordinasiya qurumlarına, bilimlər akademiyalarına, Türk boylarının yerli inzibati və kompakt yaşam vahidlərinə, Türk Dövlətləri Təşkilatına  göndərilməli və onların  – Ümumtürk Dil Hərakatında  fəal iştirakı istənilməlidir.
  7. Təşkilati işlər, Birinci Türkçülük Çalışmaları iştirakçıları sırasından seçiləcək Təşkilat Qrupuna tapşırılmalıdır.”

Bu təklif, İkinci Türkçülük Çalışmaları toplantısında səsləndirilmiş, ”İkinci Türkçülük Çalışmaları: Dil məsələlərimiz” toplusunda çap edilmişdir(Salman Mümtaz yayınevi,səh.263,2024-ci il.), «Tezadlar.az» saytında 21.10.2024-ci il tarixdə yayımlanmışdır, «Hürriyyət» qəzetinin 22.10.2024-ci il sayında, saytında, «Türkistan» qəzetinin 29.10.2024-ci il sayında, çap olunmuşdur, eləcə də «Gündemxeber.az» saytında 21.10.2024-ci il tarixdə verilmişdir.

Bu iş bu cür görülməlidir, bunsuz türk dövlətlərinin, türk xalqlarının iş birliyi alınmaz. Biz sovetlərin 20 yerə böldüyü ümum Türk dilini daha təkmil qaydada bərpa etməliyik. Əgər biz ümum Türk dilini dediyim qaydada formalaşdıra bilsək, Türk dilimiz gələcəkdə dünyanın ən varsal (zəngin) dillərindən biri olacaqdır.

Məmmədxan Əzizxanlı,

Sabiq prokuror,

Əmək veteranı

 

 

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!