12 Noyabr 2025 / 18:48

Vətəndaşlar nə etməli?

Atalar yaxşı deyib: “Qulaq gündə bir söz eşitməsə, kar olar”.

Son zamanlar yəqin ki, qanunsuz tikililərin qarşısını almaq üçün yeni qanunlar qəbul edilir. Bu qanunlardan biri də yeni tikilmiş və istifadəyə verilmiş evlərə yalnız o vaxtı icazə verirlər ki, o evin Çıxarışı olsun. Ona görə də hazırda Çıxarışı olmayan evlərə qaz, su, işıq çəkilməsi çətinliyi yaranmışdır.

Əvvəllər belə idi ki, hər hansı Bələdiyyənin və yaxud İcra nümayəndəsinin arayışı əsasında mənzilə qaz, işıq, su çəkdirə bilirdin. Demək, bu deyilənləri həyata keçirtmək üçün lazımdır ki, mütləq Əmlak Komitəsinin “saqqalının altından keçəsən”. Bunun üçün tələb olunan bütün sənədləri toplayıb, komitəyə təhvil verəsən. Amma elə işlər olur ki, həmin ərazidə həmin iaşə müəssisələrinə Çıxarış almaq qeyri-mümkündür. Misal üçün Füzuli rayonunun Zobucuq ərazisində yerləşən köçkün qəsəbələrində bu qeyri-mümkündür. Vətəndaş Hacıyev Namiq Şöhlət oğlu bildirir ki, həmin qəsəbədə kiçik bir şadlıq evi inşa edilib. Hazırda həmin binaya işıq, su çəkdirməsinə baxmayaraq, qaz çəkdirə bilmir. Çünki ASAN Xidmətdə ondan Çıxarış tələb edirlər. Həmin binaya da Çıxarış almaq qeyri-mümkündür. Çünki ərazi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məxsusdur. Ona görə də müvadiq qanuna görə həmin ərazidə özəlləşdirmə aparmaq qadağandır. Bu halda vətəndaş hara və kimə müraciət etməlidir?
Qiyam Ərşadoğlu

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!