Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev deyib ki, “Rusiya cəmiyyətinə fayda verməyən” miqrantlar ölkəni tərk etməlidirlər.
Tezadlar.az xəbər verir ki, (t.me/s/mediamvd) o, bu cür əcnəbiləri Rusiya Federasiyasında işləməyən, təhsil almayan, barmaq izi prosedurundan keçməmiş və rus dilini öyrənməyən ziyarətçilər kimi təsnif edib.
“İşləməyən və oxumayan, habelə barmaq izi yoxlanılmayan və rus dilini öyrənməyən, Rusiya cəmiyyətinə heç bir faydası olmayan miqrantlar Rusiyanı tərk etməlidirlər”, – deyə Vladimir Kolokoltsev bildirib.
Onun sözlərinə görə, “küçələrdə və yaşayış sektorlarında qeyri-qanuni miqrantlar olmamalıdır”.
O, həmçinin miqrantlar arasında baş verən cinayətkarlıqla da sistemli mübarizə aparmağa səsləyib, eyni zamanda təqsirkarların cəzasının labüdlüyünü vurğulayaraq görülən tədbirlərin ictimailəşdirilməsinin də lazım olduğunu bildirib. Bundan əlavə, miqrasiya bölmələrində növbələrin aradan qaldırılmasının zəruriliyi qeyd edilib.
“Biz miqrasiya idarələrinə ziyarətçilərin toplanması, bununla da yerli sakinlərin mənfi reaksiyasına səbəb olan halları aradan qaldırmalıyıq”, – deyə o qeyd edib
Həmçinin əlavə edib ki, vaxtaşırı mətbuatda və sosial şəbəkələrdə yayılan növbələrin foto və video görüntüləri “qəbulun təşkilində nöqsanları açıq şəkildə nümayiş etdirir”…
JASMİN