Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 May 2025 / 18:21

“Waze” sürücüləri “fırladır”, kimlərsə qazanc götürür! Bəs məsuliyyəti kim daşıyır?

Azərbaycanda tıxac, cərimə və əsəb savaşının görünməyən səbəbi: hansısa gözə görünməz bir qurumun nəzarətində olan “Waze” naviqatoru yolları bilərəkdən uzadır, sürücüləri qadağan olunmuş istiqamətlərə yönəldir. Aparılan müşahidələr və sürücü rəyləri bu rəqəmsal siyasətin “qara qutusu”nu açır…

…Azərbaycanda tıxacların və yol stresinin əsas səbəblərindən biri də – bəli, düz oxudunuz – “Waze” naviqatorudur. Xüsusilə də bu proqram, deyilənə görə,  SOCAR tərəfindən satıldıqdan sonra problem ikiqat artıb. Bu gün taksi sürücülərinin, şəxsi maşın sahiblərinin dilindən düşməyən bir narazılıq varsa, o da Waze-in göstərdiyi yollar və onun “bic siyasətidir”.

Ən çox əziyyəti gənc taksi sürücüləri çəkir. Çünki yolları yaxşı tanımırlar, müştərini ünvana tez çatdırmaq üçün naviqatora güvənirlər. Amma bu güvən onların cibinə, əsəblərinə və qazancına vurulan ziyan hesabına başa gəlir. 5 dəqiqəlik yolu 20 dəqiqəyə fırladan bu proqram təkcə vaxtımızı deyil, cibimizi də yeyir. Üstəlik də çox incə bir bicliklə. Hərəkətə başlayan kimi göstərir ki, 15 dəqiqəyə lazım olan ünvana çatacaqsan. Amma gözünə döndüyüm bu bic noviqator yolda ”fikrini dəyişir” və bir də görürsən tamam başqa istiqamətə gedirsən. Nəticədə 15 dəqiqəlik yol 30 dəqiqəyə qədər uzanır. Sürücü yazıq qazancını yanacağı  qənaətlə işlətmək istəyir, çıxarır, amma “korrupsioner” Waze buna imkan vermir. Yol uzandıqca qazanc azalır, sürücü sıxılır, müştəri əsəbləşir, arada söz-söhbət yaranır.

***

Proqramın əsas məqsədi guya budur ki: səni tıxacsız, qısa və düzgün yolla aparsın! Amma bunun əksi baş verir – Waze qəsdən uzaq, necə deyərlər, bir mahnıda deyildiyi kimi,  “həsri basma dolan gəl” edərək, daha sıx tıxaclı yollar göstərir. Bu da əlavə yanacaq sərfi, əsəb və vaxt itkisi  deməkdir. Əlbəttə, bu, heç də fərdi problem deyil. Kütləvi sürücü narazılığı, eyni zamanda sistemli və arxasında iri buynuzlu fiqurların dayandığı bir istismar formasıdır. Taksi sürücülərinin iddiasına görə, məqsəd sadə və aydındır: yanacaq çox getsin, kimlərsə çox qazansın.

 Öz təcrübəmi deyim: Mən artıq Waze-dən istifadə etmirəm, çünki xeyrindən çox ziyanını gördüm. Bundan ziyan görən tək mən deyiləm. Onlarla sürücü eyni fikirdədir: Əvvəllər bu proqram çox gözəl işləyirdi, lakin ölkəmizdə alınandan sonra isə hər şey dəyişdi. Problem nədə və ya kimdədir, bilinmir… İndi məqsəd, sanki sürücünü fırladıb daha çox yanacaq yandırmaqdır. Hətta bəziləri deyir ki, guya SOCAR son vaxtlar neft hasilatının azalmasını bu yolla kompensasiya etmək istəyir. Amma mən şəxsən inanmıram…

“150 manat cəriməni kim ödəyəcək, Waze, yoxsa sürücü?”

…Taksidə gedirdim. Sürücü söhbətimiz zamanı dedi ki, bir dəfə Waze-in göstərdiyi marşrutla hərəkət edib və proqram onu birbaşa “protiv” – yəni əks istiqamətli, giriş qadağan olunan yola salıb. Nəticədə, 150 manatlıq cərimə ilə üzləşib. Adam deyir ki, “naviqator göstərdi, mən də getdim, fikirləşdim ki, bu rəsmi tətbiqdir, qadağan olunmuş yolu göstərməz axı”. Amma nəticə? Heç kimə sübut edə bilməyib. Dövlət yol polisi üçün əsas sənəd onun sistemidir – kim nə deyir, necə deyir, maraqlı deyil.

Sürücünün sualı da yerində idi: “Bəs bu halda məsuliyyəti kim daşmalıdır? Mən, yoxsa bu proqramı hazırlayanlar və nəzarət edənlər?” Təbii ki, bu sual havada qaldı.

Daha acınacaqlısı isə odur ki, bu “reket” Waze proqramı artıq adını ciddiliyi ilə çəkməyə ehtiyatlandığımız bir qurumun nəzarətindədir. Yəni, bir dövlət qurumu (və ya ona bağlı qurum) bu platformanı idarə edir. Ancaq məsuliyyət daşıyan isə, yoxdur. Nə yol polisi, nə nazirlik, nə də platformanı idarə edənlər bu cür hallarda vətəndaşı müdafiə etmirlər.

Xarici ölkələrdə belə hallar olduqda, naviqator şirkətləri – Google, Apple və ya başqa texnoloji operatorlar – məsuliyyət daşıyır, zərərçəkmişlərə dəstək göstərilir, mübahisəli marşrutlar araşdırılır. Bizdə isə vətəndaş günahkardır. Proqramın səhv saldığı yola görə cəriməni də, stressi də maşən sahibi ödəyir.

Burada maraqlı bir sual yaranır: əgər Waze-in sahibi həqiqətən də SOCAR-dırsa, bəs onda niyə məsuliyyət daşımaq istəmirlər, vəziyyəti düzəltmirlər? Nə üçün sadə vətəndaşın, sürücünün ziyanına olan bir sistem bu qədər rahat, nəzarətsiz və başıpozuq şəkildə işləyir? Axı bu artıq texniki qüsur deyil. Bu ictimai təhlükəsizlik və hüquqi məsuliyyət məsələsidir. Əgər sabah bu proqramın səhv göstərişi nəticəsində hansısa sürücü qəza törətsə, buna kim cavabdehlik daşıyacaq? Camaat tıxacda ilişib qalır, məcbur olub əks yola girir,  cərimə ödəyir, əsəb pozulur. Amma sistem eyni qaydada işləməyə davam edir.

Belə vəziyyətdə vətəndaş hara müraciət etməlidir? Nəqliyyat Nazirliyinə? Yoxsa elə susub 150 manatı ödəyib, başını aşağı salıb yoluna davam etməlidir?

***

Bu sualların cavabını biz verməli deyilik. Cavabı verməli olanlar isə  digər rəsmi nəzarət orqanlarıbu texnologiyanı cəmiyyətə sırıyan strukturlardır. Amma görünən odur ki, hələlik məsuliyyəti heç kim üzərinə götürmək istəmir.

Sürücü  ELŞƏN ABBASQULİYEVİN dedikləri: “Waze adamı qəsdən probkaya salır”

Əgər kimsə mənim dediklərimə inanmırsa, əvvəl öz bildiyi bir yolla, sonra da Waze-in dediyi alternativ yolla getsin. Məsələn, Waze Bakıxanov qəsəbəsinin hansısa dar, tıxaclı küçələrindən keçməyi tövsiyə edir sənə. Nə üçün? Bax onu heç kim bilmir.

Ötən gün Bülbüləyə gedirdik. Waze bizi Günəşlidən vurub, “Aura”-nın yanından sola döndərib Bakıxanova saldı. Proqram yazır ki, guya 45 dəqiqəyə orada olacağıq. Amma mən özüm bilirəm ki, əgər Qaraçuxurdan sağa dönsək və o Zığdan gələn yolla – yəni həmişə  polislərin dayandığı yerdən getsək – çox rahat, normal şəkildə, heç bir tıxaca düşmədən Bülbüləyə çatmaq olur.

Amma yox! Bu proqram mütləq səni fırladıb aparır tıxaclı, dolama yola. Nəysə, naviqatorun sözünə qulaq asmayıb öz bildiyim yola döndüm, Suraxanı döngəsini dönən kimi birdən yazır ki, artıq 33 dəqiqəyə çatacaqsan. Bəs bu nədir? Birdən-birə 12 dəqiqə qabağa düşdük? Bax bu nə oyunbazlıqdır?

İndi təssəvvür elə ki, yolu tanımayan bir taksi sürücüsüsən. Naviqator hara deyir, ora gedirsən. Hətta neçə dəfə olub, taksidə sürücüyə demişəm: “Qardaş, niyə belə gedirsən?” Cavab eynidir: “Qardaş hamı bilir ki, bu proqramı kim alıb və bundan sonra bilərəkdən yolu uzadır”.

Mən sizə reallığı danışıram. Bu proqram artıq kimlərinsə  nəzarətindədir. Və açıq-aşkar görünür ki, məqsəd yanacaq sərfiyyatını artırmaqdır. Bir dəfə Waze göstərdi ki, hansısa yolu 7 dəqiqəyə gedəcəyik. İnanıb girdik. Gördük ki, dəqiqələr tək-tək yox, topa-topa artır. Axırda həmin yolu 15 dəqiqəyə də yox, 17 dəqiqəyə getdik. Amma proqram əvvəlcədən yazmışdı ki, 7 dəqiqə.

***

…Nə bilim, bu Waze qardaş adamı bilərəkdən “probkaya” salır. Mən yaşadığımı danışıram. İstəyən də özü sınasın, görsün bu Waze adamı necə “fırladır”.”

Aidiyyəti qurumlara açıq çağırış: Məsuliyyət sistemi yaradın!

Buradan açıq şəkildə bütün aidiyyəti dövlət qurumlarına səslənirik: Nə qədər ki, bu sahədə real nəzarət və effektiv cəza mexanizmi mövcud deyil, məsuliyyət də olmayacaq. Bu gün taksi sürücüsünün sənədi yoxdursa, texniki baxışdan keçməyibsə, cərimə olunur, işə buraxılmır. Taksi şirkətlərinə qarşı inzibati tədbirlər görülür, bəziləri bağlanır, bəziləri lisenziyasını itirir. Bəs Waze kimi naviqatorlar niyə toxunulmazdır? Onların təqdim etdiyi xidmətin yaratdığı problemlərə görə niyə heç kim məsuliyyət daşımır? Axı bu sistem də bir “rəqəmsal yol göstəricisidir” və sürücülər onun dediyi istiqaməti dövlətin təsdiqlədiyi kimi qəbul edir.

Artıq dövr dəyişib. Yolları xəritə ilə yox, mobil tətbiqlərlə tapırıq. Amma texnologiyanın arxasında məsuliyyətsiz sistem dayansa, bu, həm təhlükəlidir, həm də vətəndaşın cibinə, əsəbinə və vaxtına zərbədir. Əgər Azərbaycanda bu platformanı idarə edirlərsə, o zaman nəzarət də etməlidirlər. Problemlərə görə cavab da verməlidir. Sürücü tıxaca salınır, yanlış yola yönləndirilir, qadağan olunmuş istiqamətə göndərilir, sonra da cərimə ilə üzləşir. Amma nə baş verir? Heç nə. Waze işləməyə davam edir, bəlli qurum isə külli miqdarda gəlir əldə edir, əziyyət isə sadə vətəndaşın boynunda qalır.

Biz bu siyasətin belə davam etməsini istəmirik. Heç kim istəmir. Çünki belə olan halda, naviqatorlar “yol göstərən” yox, “tələ quran” sistemlərə çevrilir. Ona görə də, tələbimiz aydındır:
Nəzarət mexanizmi yaradın! Rəqəmsal yol platformalarının cavabdehliyini hüquqi çərçivəyə salın. Texniki qüsura görə cərimələnən vətəndaşın hüququnu müdafiə edin.
Yoxsa bu “oyun” belə də davam edəcək: Sürücü fırlanacaq, müştəri əsəbləşəcək, gözəgörünməzlər isə qaz vurub qazan dolduracaq…

 

Elşad FƏRMANOĞLU

P.S.Ha çalışdıq ki, Waze rəsmiləri ilə əlaqə saxlayaq, amma bu mümkünsüz oldu… Odur ki, aidiyyəti maraqlı tərəflərin də məsələ ilə bağlı mövqeyini dinləməyə hazırıq…

Yeri gəlmişkən, ötən ilin oktyabrında Bakıda “InMerge İnnovasiya” sammitinin 2-ci iclası keçirilib. Sammitdə Waze şirkətinin həmtəsisçisi Uri Levine də çıxış edib. O Waze qurulmasından, inkişafından və satışından danışıb. Uri Levine çıxışı zamanı maraqlı məqama da toxunub. O Azərbaycanda olarkən ondan “SOCAR-ın Waze-i satın alıb-almadığı” sualının soruşulduğunu bildirib. Davamında isə o belə bir şeyin olmadığını bildirib. Hansı ki, bir müddət əvvəl Azərbaycanda taksi sürücüləri arasında belə şayiə yayılmışdı. Onlar Waze-in satın alındığını və uzaq məsafə göstərərək daha çox yanacaq sərfiyyatının olduğunu iddia edirdilər. Amma fakt belədir: 2013-cü ilin iyun ayında Waze Mobile Google tərəfindən 1,3 milyard ABŞ dollarına alınıb. Bu təsisatın isə ilk yaradıcısı yəhudi olub. Belə ki, 2006-cı ildə israilli proqramçı Ehud Şabtay FreeMap Israel kimi tanınan cəmiyyət layihəsini yaratdı, layihənin hədəfi pulsuz məzmun, yeniləmələr və paylanma ilə ivrit dilində tərtib edilmiş İsrailin açıq rəqəmsal xəritəçəkmə məlumat bazasını yaratmaq idi…

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!