13 Mart 2026 / 10:49

Xamenei qisasa çağırdı: “Şəhidlərimizin qisasını alacağımıza zəmanət verirəm”

“Allah bizi qoruyacaq, parçalama cəhdlərinin qarşısını aldıq. Bütün müsəlman ölkələrinə təşəkkür etmək istəyirəm. ABŞ bazalarını hədəf almağa davam etməliyik. Hörmüz boğazı bağlı qalacaq”. Tezadlar.az xəbər verir ki, bunu İranın yeni ali dini lideri Müctəba Xamenei dövlət televiziyasında səsli müraciətində qeyd edib. Müctəba Xamenei xalqa ilk müraciətində qisas alacağına and içib: “Şəhidlərinizin qanının qisasından, xüsusilə Minab şəhidlərinin qanının qisasından əsla vaz keçməyəcəyik. Qonşularla dostluğa inanırıq, yalnız bazaları hədəf alırıq və məcbur qalsaq buna davam edəcəyik. Bölgədəki bütün ABŞ bazaları dərhal bağlanmalıdır, bu bazalara hücum ediləcək. Düşmənə təzyiq vasitəsi kimi Hörmüz boğazının bağlanması davam etdiriləcək”. Xalqa çağırış edən Xamenei deyib: “Allah bizi qoruyacaq. Liderlər xalqın dəstəyini almadan uğur qazana bilməz, hamımız Allaha sığınmalıyıq. Cəmiyyətimizdə hər kəs bunu çox aydın şəkildə anlayır. Fikir ayrılıqlarımızdan uzaqlaşmalıyıq. Bütün mübahisələrimizi geridə qoymalı və İran xalqının gücünü birləşdirərək bu müharibə içində sosial və mədəni baxımdan tam birlik içində olmalıyıq”.

Müharibədən sonra təzminat tələb edəcəklərini deyən Xamenei qeyd edib: “Düşməndən təzminat tələb edəcəyik və əgər bunu rədd etsə, müəyyən etdiyimiz miqdarda malına əl qoyacağıq; bu mümkün olmasa, eyni miqdarda malını məhv edəcəyik”. İraq və Yəmənin İrana kömək etmək istədiyi məlumatını dilə gətirən yeni ali dini lider söyləyib: “İraq xalqı da bizə kömək etmək istəyir, eyni şəkildə Yəmən də. Yaralananlara, yaxınlarını itirənlərə və hər hansı şəkildə əziyyət çəkənlərə səslənmək istəyirəm. Bütün keçmiş təcrübələrimə və atamın da daxil olduğu şəhidlərimizin öyrətdiklərinə əsaslanaraq deyirəm ki, həyat yoldaşım və bacım da hər kəsə kömək etmək məsələsində sonsuz bir sədaqət içində idilər və bütün bu şəhidlərimiz indi daha yaxşı bir yerdədirlər. Onlar əvvəlki şəhidlərimizlə eyni yolda irəliləyirlər. Bizə uca Allahın verdiyi vəzifəni yerinə yetirməliyik. Ölkəmiz üçün lazım gələrsə, canımızı fəda etməliyik”.

Savaşın ilk günündə İranın Minab şəhərində qızlar məktəbinə edilən hücuma toxunan Xamenei qisas vədi verib: “Heç vaxt geri addım atmayacağıq. Şəhidlərimizin axıdılan qanının hamısının qisasını alacağıq. Təkcə dini liderin deyil, şəhid olmuş bütün İran vətəndaşlarının qanının qisasını alacağıq. İranlıların qanı çox qiymətlidir, amma ən önəmlisi qadınların və uşaqların qanıdır. Buna görə də düşmən Minab məktəbində törətdiyi cinayətlərin bədəlini çox ağır ödəyəcək”, – deyə qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!