Tanınmış jurnalist Afət Telmanqızı daxili işlər naziri Vilayət Eyvazova müraciət ünvanlayıb. Tezadlar.az həmin müraciətin ictimai əhəmiyyətliliyini nəzərə alaraq təqdim edir:
“Cənab nazir! Şəmkir rayon sakini 1980-ci il təvəllüdlü, əvəllər məhkumluq həyatı yaşamış Cavadova Aygün Hümbət qızı şəhid qızı adı altında ( şəhid qızı deyil-red) Bakıda dələduzluq, oğurluq, saxta sənədlər düzəltməklə, insanlara zərər vurmaqda davam edir. Artıq bir neçə fakt da təsdiqini tapıb. Bu qadın yaxşı şəraiti olan mənzilləri tapır, kirayə qalmaq adı ilə mənzilə yerləşir və heç bir kirayə haqqı ödəmədən 10-15 gün mənzildə yaşayır, kirayə haqqını ödəyəcəm deməklə yalan vədlər verərək, vaxt uzadır ən sonunda kirayə qaldığı evləri qarət edib qaçır. Bu işi də tək görmür. Oğlu və bir tanşı ilə birgə silsilə oğurluqlar edir. Təəssüf ki, onun növbəti qurbanlarından biri də mənəm. Mən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinatımdan və ailəliklə Xankəndi şəhərinə köçəndən sonra mənzilimin kirayə elanını vermişəm. Bu dələduz qadın da birbaşa vasitəçi olmadan özü zəng edib bizi tapıb və kirayə qalmaq istədiyini bildirib. Və Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən mənzilimdə bu ilin yanvar ayının 15-i kirayənişin kimi yerləşib. Hər dəfə zəng edib, votsap üzərindən səs göndərərək, pulu verəcəyini deyib. Nəhayət, pul ödəmədən, evi qarət edərək, yanvar ayının 30-u saat 17 radələrində evi tərk edib.
Əlimizdə video görüntülər var. Evdən nə qədər əşya çıxardığının görüntüləri də polisə təqdim olunub. (Kompyüter, planşet, telefon və sair) Soyğunçuluq edərkən istifadə etdiyi maska papaq və digər sübutlar da mənzilimdən tapılaraq, polisə təqdim olunub. Digər 2 evdən etdiyi oğurluqların da sübutunu əks etdirən səs yazıları, faktlar var. Narkotestin cavabı da ortadadır. 4 sutkalıq həbslə canını qurtarıb. Bu qadın hazırda azadlıqdadır. Hazırda səs yazısı göndərib mənə hədə-qorxu gəlir. Yalandan özünü şəhid qızı kimi təqdim edir. Şəhid qızı oğurluqmu edir?
Dələduzluqmu edir? Saxta qəbz göndərirmi? Bütün sübutlar olduğu halda qadın həbs olunmur. Digərləri üçün də təhlükə yaradır. Gələcəkdə digər qurbanların olmaması üçün, bu qadın təcili həbs edilməlidir! Cənab nazir! Siz dünən fevral ayının 16-da Xocalıda mənə də yaxınlaşıb görüşəndə bu məsələni sizin nəzərinizə çatdırmadım. Ümid edirdim ki, Səbail rayon polis idarəsinin istintaq şöbəsi bu məsələni həll edəcək.41-ci polis bölməsinin əməliyyatçılarının yaxaladığı oğrunun bir neçə gündən sonra azadlığa buraxılması və mənə təhdid- hədə dolu mesaj və səs yazıları göndərməsindən sonra sizə müraciət etməli oldum. Xahiş edirəm işi ciddi nəzarətə götürəsiniz.Təşəkkür edirəm!
P. S. Bir videonu da oğurluqdan 2 gün öncə inandırmaq üçün çəkib göndərib ki, hər şey yerindədir guya pulu da ödəyəcək”.