26 İyul 2025 / 09:45

Xarkov 3 saat ərzində KAB, ballistik raketlər və “Şahed”lərlə bombalanıb

Xarkovda üç xilasedici də daxil olmaqla 5 nəfər xəsarət alıb. Rusiya ordusu Zmiyevə və Zaporojye bölgəsinə də zərbələr endirib, nəticədə, ölənlər və yaralananlar var

İyulun 26-na keçən gecə Xarkov təxminən üç saat ərzində kütləvi birləşmiş hücuma məruz qaldı.

Tezadlar.az xəbər verir ki, bu barədə şəhərin meri İqor Terexov məlumat verib. “Düşmən eyni anda bir neçə növ silahdan – idarə olunan aviabombalardan, ballistik raketlərdən və kamikadze pilotsuz təyyarələrdən istifadə edib” – deyə o, ətraflı məlumat verib.

Terexovun sözlərinə görə, ilkin olaraq idarəolunan hava bombaları ilə 4 zərbə, ballistik raketlərlə 2 zərbə və “Şahedlər”lə 15-ə yaxın hücum qeydə alınıb.

Şəhər meri çoxmərtəbəli yaşayış binalarının, mülki müəssisənin, yolların və əlaqə şəbəkəsinin zədələndiyini bildirib. “Bu gün səhər saatlarına olan məlumata görə, Kiyevski rayonunda 7 yanğının söndürülməsi davam edir”, – o, ətraflı məlumat verib.

“Beş nəfər xəsarət alıb. Onların arasında üç xilasedici də var. Onlar ilk hücumdan sonra – ikinci zərbə zamanı xəsarət alıblar. Düşmən xilasediciləri və bombardmanların nəticələrini aradan qaldıranları hədəfə alır. Bu, sırf terrorizmdir”, – Terexov vurğulayıb.

Xarkov Vilayət Hərbi Administrasiyasının  rəhbəri Oleq Sinequbovun sözlərinə görə, ruslar Zmiyev şəhərinə də zərbələr endirib, nəticədə 50 yaşlı kişi yaralanıb.

Bundan əlavə, səhər saatlarında ruslarən Zaporojye vilayətində bir sıra yaşayış məntəqələrinə zərbələr endirdiyi, nəticədə ölən və yaralananların olduğu barədə məlumat yayılıb.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorovun verdiyi məlumata görə, rusların Vasilievski, Poloqovski və Zaporojye rayonlarına hücumları nəticəsində 3 nəfər həlak olub, daha iki nəfər yaralanıb.

“Mənzillərin, fərdi evlərin, avtomobillərin, qarajların və infrastruktur obyektlərinin dağıdılması ilə bağlı 27 məlumat daxil olub”, – Fedorov əlavə edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!