Tezadlar.az-a Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 76 saylı binanın sakinlərinin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova ünvanladığı şikayət ərizəsinin surəti daxil olub.
45 sakinin imzaladığı şikayət ərizəsində deyilir:
“Hörmətli Eldar müəllim!
İlk növbədə qeyd etmək istərdik ki, paytaxt Bakıda aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri nəticəsində şəhərimiz bütün qonaqlar üçün sevimli istirahət guşəsinə çevrilib və bütün bunlarla yanaşı, dünyaca məşhur şəhərlər arasında öz dinamik inkişafı ilə sağlam rəqabət aparmaq bazasına malikdir. Məlumdur ki, ilin bütün fəsillərində bunları həyata keçirmək – şəhərin park, xiyaban, meydan və küçələrinin təmizliyi, sanitar-gigiyenik tələblərə uyğunluğu müntəzəm diqqət və qayğı tələb edir. Bu məqsədlə yuxarıda qeyd etdiyimiz çoxşaxəli unkişaf mexanizmini nəzərə alaraq, paytaxt Bakıda, ona bitişik rayon və qəsəbələrdə antisanitariyaya qarşı ciddi mübarizə tədbirləri həyata keçirilir, ekologiyanın qorunması, çirklənmənin qarşısının alınması, yaşıllıqların salınması və qorunması ilə bərabər, əhalinin də sağlamlığının qorunması hər zaman əsas vəzifə kimi qarşıya qoyulur. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərinin idarə edilməsində, onun sosial-mədəni inkişafında üzərinə düşən vəzifələri yerinə yetirir və bu, öz növbəsində həm də uğurlu dövlət siyasətinin tərkib hissəsi kimi qəbul edilir.
Lakin yuxarıda qeyd etdiyimiz uğurlara kölgə salan bir faktı, Bakı şəhərinin gözəlliyinə xələl gətirən bəzi məqamları diqqətinizə çatdırmaq istəyirik və inanırıq ki, məsələyə məhz sizin müdaxiləniz nəticəsində mövcud xoşagəlməz hallara birdəfəlik son qoyulacaq.
Bildiririk ki, yaşadığımız Xətai rayonunun Babək prospektində 76 saylı binanın qarşı tərəfinin bir hissəsi, arxa tərəfi isə tam olaraq illərdir ki, baxımsız qalib və geniş bir ərazidə ciddi şəkildə antisanitariya hökm sürür. Ərizəyə əlavə etdiyimiz fotoşəkillərdən və videogörüntülərdən də aydın göründüyü kimi, yaşadığımız ünvanda mövcud vəziyyət olduqca acınacaqlıdır. Dövlət Şəhərsalma norma və qaydalarına zidd olaraq məhəllədaxili yollar ayrı-ayrı iaşə obyektlərinin sahibləri və idarələr tərəfindən zamanla aparılan qanunsuz qazıntı işləri nəticəsində yararsız hala gətirilib, piyadalar üçün nəzərdə tutulan səkilər demək olar ki, məhdudlaşdırılıb. Bundan əlavə, bir-neçə evsiz-eşiksiz və spirtli içki aludəsi olan və digər asılılıqdan əziyyət çəkən insanların yaşayış binasının arxa tərəfindəki ağacların altını yaşamaq üçün özlərinə məkan seçməsi gələcəkdə yarana biləcək ciddi təhlükələrdən xəbər verir və ona görədə bu özbaşınalığa son qoyulmalıdır. Hesab edirik ki, sizə etdiyimiz bu rəsmi müraciətidən sonra Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən qeyd edilən əraziyə baxış keçirilərkən, digər neqativ halların da qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək. Xüsusilə qeyd və xahiş etmək etmək istəyirik ki, gecə saatlarında səs-küy salmaqla, birgəyaşayış qaydalarına uyğun olmayan şəraitdə başqalarını narahat edən şəxslərin ərazidən uzaqlaşdırılması təmin edilməklə yanaşı, insanlarımızın rahatlığını təmin etmək məqsədilə baxımsız qalan ərazinin abadlaşdırılması istiqamətində lazımi tədbirlər görəsiniz.
Sizdən xahiş edirik ki, Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqları rəhbər tutularaq, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 76 saylı binanın həyətyanı sahəsində “ABAD Məhəllə” layihəsi çərçivəsində abadlıq-quruculuq işlərinin aparılması, yaşıllıq zolaqlarının salınması, məhəllədaxili yolların asfalt örtüyü ilə təzələnməsi, binanın fasadının və giriş hissələrində təmir işlərinin aparılması ilə yanaşı, xüsusilə azyaşlı uşaqların və ahıl yaşda olan insanların istirahətinin, onların asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli şəraitin yaradılması istiqamətində tədbirlər planının hazırlanması və həyata keçirilməsi istiqamətində aidiyyəti üzrə öz müvafiq tapşırıqlarınızı verəsiniz.
İnanırıq ki, yuxarıda qeyd etdiyimiz xoşagəlməz halların aradan qaldırılması istiqamətində tərəfinizdən atılacaq müsbət addımların nəticəsində ictimai təhlükəsizliyimizin təmin edilməsi ilə bərabər, insanlarımızın firavan həyat sürməsində və eyni zamanda, ekoloji mühitin mühafizəsinin təşkili prosesində aidiyyəti üzrə qurumlar öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.
Sizə əvvəlcədən öz dərin minnətdarlığımıızı bildiririk”.
Aidiyyəti qurumların məsələyə münasibətini dərc etməyə hazırıq.
E.ŞİRİNİOV








