5 Noyabr 2025 / 17:10

Xüsusi əməliyyat zamanı öldürülən Mirzə Əliyevlə bağlı yeni detallar məlum olub

Gürcüstanda Qabal kəndində xüsusi əməliyyat zamanı öldürülən Mirzə Əliyevlə bağlı yeni detallar məlum olub. Tezadlar.az xəbər verir ki, xüsusi əməliyyat zamanı öldürülən Mirzə Əliyevin ailə üzvləri təsdiqləyir ki, polisin tədbirləri zamanı ilk atəş məhz 52 yaşlı Mirzə Əliyev tərəfindən açılıb. Onların sözlərinə görə, o, evə oğruların daxil olduğunu düşünüb. Ailə üzvləri polis tərəfindən güc tətbiqindən də danışıb və bildiriblər ki, hüquq-mühafizə orqanları xəbərdarlıq etmədən evə daxil olublar.

Eyni zamanda, onlar Əliyevin “oğru aləmi” ilə heç bir əlaqəsinin olmadığını vurğulayıblar: “Onlar niyə daxil oldular və niyə həbs etməli idilər, heç kim bilmir. Bizə heç nə demirlər. Bildiyimiz qədər, Mirzə maskalı şəxsləri görəndə onları oğru sanıb və atəş açıb. Bunun nəticəsində xüsusi təyinatlılar cavab atəşi açıb və o, hadisə yerində öldürülüb. Evi görürsünüz, vəziyyət nə gündədir; baş verənlər divarlarda və şüşələrdə görünür. Biz inanmırıq ki, Mirzənin “oğru aləmi” ilə hər hansı əlaqəsi olub,” — deyə Mirzə Əliyevin ailə üzvləri bildiriblər.

Bundan başqa, “Vahid Milli Hərəkat”ın üzvü və bələdiyyənin sabiq deputatı Eva Lomtadze bildirib ki, Mirzə Əliyev Qabal kəndində “Gürcü Arzusu” partiyasının seçki koordinatorlarından biri olub: “Mirzə uzun illər Qabal kəndində gənclər şöbəsinin nümayəndəsi idi. Qabaldan tanıdığım ən savadlı və mədəni şəxslərdən biri idi. Son zamanlar bizneslə məşğul olurdu və kənddə müxtəlif mağazalara sahib idi. Son dövrlərdə ‘Gürcü Arzusu’ ilə əməkdaşlıq da edirdi və Qabal təşkilatına rəhbərlik edirdi. Səlahiyyət müddəti bitdikdən sonra siyasətdən uzaqlaşdı və kənddə öz biznesi ilə məşğul olurdu. Mənim üçün inanılmazdır ki, Mirzə Əliyev belə bir iş görə bilərdi — çox tərbiyəli insan idi. Hakimiyyətə hansı hökumət gəlirdisə, hamı onunla münasibət qurmağa çalışırdı. O, kəndin siması idi,” — deyə Eva Lomtadze bildirib.

Bu gün isə Daxili İşlər Nazirliyinin açıqlamasına görə, Laqodexi bələdiyyəsinin Qabal kəndində polis tərəfindən keçirilən xüsusi əməliyyat zamanı 52 yaşlı Mirzə Əliyev silahlı müqavimət göstərib. Nəticədə əməkdaşlardan biri döş qəfəsindən ağır yaralanıb və polis cavab atəşi ilə Mirzə Əliyevi zərərsizləşdirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!