15 Noyabr 2025 / 19:34

Yanvarın 1-dən etibarən plastik əşyaların istifadəsi qadağan edilir

Gözlənildiyi kimi, 2026-cı il yanvarın 1-dən etibarən Gürcüstanda qida ilə təmas üçün nəzərdə tutulmuş bəzi plastik əşyaların istifadəsi qadağan ediləcək. Tezadlar.az Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinə istinadla xatırladır ki, qadağa plastik çəngəllər, bıçaqlar, qaşıqlar, çubuqlar, boşqablar, pipetlər, içki qarışdırıcılar, genişlənmiş polistiroldan (EPS) hazırlanmış qida konteynerləri və stəkanlar və onların qapaqlarına aiddir. Bu əşyaların istehsalı (ixrac məqsədi istisna olmaqla), idxalı və bazara çıxarılması qadağan ediləcək. Qadağa ictimai iaşə müəssisələrinin plastik bir dəfəlik qida konteynerləri və stəkanlarından istifadə edərək hazır qida təqdim etməsinə də şamil olunur. Qeyd olunur ki, plastikdən hazırlanmış bir dəfəlik qablaşdırma əşyaları, məsələn, qablaşdırılmış qida üçün nəzərdə tutulmuş paketlər, qadağaya daxil deyil. Qərar keçid dövrünü də nəzərdə tutur: bazarda olan plastik əşyalar üç ay müddətində satıla bilər, ictimai iaşə müəssisələri isə altı ay müddətində plastik bir dəfəlik qida qablarından istifadə edə biləcək. Texniki qaydaların yerinə yetirilməsinə nəzarət qida üzrə Milli Agentlik, Ətraf Mühitin Nəzarət Departamenti və Maliyyə Nazirliyinin Vergilər Xidməti tərəfindən həyata keçiriləcək. İstehsalçılar üçün ixrac məqsədilə plastik əşyaların istehsalı qadağan edilmir, lakin istehsala başlamazdan əvvəl Ətraf Mühitin Nəzarət Departamentinə yazılı bildiriş vermək tələb olunur.

Azərbaycanda isə hələki plastik kisələrdən istifadəni qadağan etmək üçün marketlərdə onları pullu ediblər, lakin kağız kisələrdən istifadə isə hələki ənənəvi deyil.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!